Noyabrın 16-da COP29 çərçivəsində "İtki və Zərər üzrə iqlim fəaliyyətinin genişləndirilməsi: Santyaqo Şəbəkəsinin tam fəaliyyətinin təmin edilməsi" mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev son dövrlər iqlim dəyişmələrinin təsirindən daha çox Pakistan, Konqo Karib hövzəsi ölkələrinin üzləşdiyini, mülki şəxslərin fəlakətlərin qurbanına çevrildiyini bildirib.
Nazir COP çərçivəsində həmin ərazilərdən olan insanlarla görüşüb-danışdıqlarını, həqiqətən də onların vəziyyətinin iqlim dəyişikliyinə görə çox acınacaqlı olduğunu diqqətə çatdırıb.
"İtki və zərərlərin yüngülləşdirilməsi, aradan qaldırılması üçün Santyaqo şəbəkəsinin öz səylərini daha da möhkəmləndirməsi və həll yolları tapması vacibdir. Çünki itki və zərərlərin aradan qaldırılmasında Santyaqo şəbəkəsi mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, beynəlxalq mexanizmlərin də təkmilləşdirilməsinə ehtiyac var. Onu da qeyd etmək lazımdır ki, Santyaqo şəbəkəsinin bu sahədə müəyyən irəliləyişləri qeydə alınıb", - deyə COP29-un Prezidenti bildirib.
Tədbirdə çıxış edən digər natiqlər dünyada iqlim dəyişikliyinin təsirlərinin getdikcə daha çox hiss olunduğunu, xüsusilə inkişaf etməkdə olan ölkələrdə itki və zərərlə nəticələndiyini qeyd ediblər. İtki və zərərin qarşısını almaq üçün xüsusilə həssas inkişaf etməkdə olan ölkələri dəstəkləmək məqsədilə institusional arxitektura yaratmağın vacibliyi vurğulanıb.
İtki və zərər üçün qlobal dəstək sisteminin, xüsusilə Beynəlxalq Mexanizmlərin təkmilləşdirilməsi, tematik ekspert qruplarının, Varşava Beynəlxalq Mexanizmlər nəzdində yaradılmış Santyaqo şəbəkəsi və inkişaf etməkdə olan ölkələrə artıq yaşanmış və ya gözlənilən itki və zərərə effektiv cavab vermək üçün hərtərəfli dəstəyi təmin edən İtki və Zərər Fondunun vacib rol oynadığı qeyd edilib.