Bakıda Tolerantlıq Evi açılıb - FOTOLAR

16 Noyabr 2024 13:25 (UTC+04:00)

16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə Bakıda Tolerantlıq Evinin açılışı olub. SİA xəbər verir ki, İçərişəhərdə yerləşən bu bina Azərbaycanın tolerantlıq tarixini əks etdirən nümunələrlə zəngindir.

Tolerantlıq Evində Azərbaycanda fəaliyyət göstərən 3 ənənəvi dinin atributikaları, müqəddəs dini kitablar, etnoqrafik eksponatlar, dini liderlərə aid təltifatlar, şəxsi hədiyyələr, dövlət mükafatları, xarici dövlətlərdən hədiyyə olunmuş əşyalar nümayiş etdirilir.

Açılış mərasimində çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda tolerantlıq ənənələri dünyaya nümunədir: "Tolerantlıq Evinin özü də bir nümunədir. Dünyada bəlkə də bunun analoqu yoxdur. Tolerantlıq Evi elə bir alovdur ki, bu, bütün dünyaya bir işıq saçır. Gün gələcək bütün dünya bunun mahiyyətini anlayacaq".

Mərasimdə iştirak edən Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, nümayəndələri Tolerantlıq Evinin açılışını yüksək qiymətləndiriblər.