"COP29 birgə fəaliyyət məqsədlərimizə çatmaqda bizə kömək edəcək"

15 Noyabr 2024 21:33 (UTC+04:00)

COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ətraf mühit və ekologiya nazirlərinin ilk görüşü “Nazirlər Bəyannaməsi”nin imzalanması ilə yekunlaşıb. Qeyd edək ki, bu ilin iyulunda Şuşada TDT-nin Dövlət başçılarının Zirvə görüşündə imzalanmış “Qarabağ Bəyannaməsi”nin davamı olaraq TDT-yə üzv dövlətlər nazirlər səviyyəsində birgə ekoloji problemlərin həlli və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində əməkdaşlığı gücləndirmək niyyətlərini təsdiqləyiblər. COP29-da səslənən planetar çağırışların və təşəbbüslərin həlli üçün ətraf mühit və davamlı inkişaf sahəsində TDT-nin birgə fəaliyyəti haqqında Nazirlər Bəyannaməsinin Bakıda imzalanması COP29-a ev sahibliyi edən Azərbaycanın beynəlxalq və regional səviyyədə liderliyini daha da gücləndirir. Xatırladaq ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoyan Naxçıvan Sazişinin 15 illiyi tamam olur və bu müddət ərzində təşkilat uğurlu inkişaf yolu keçib.

SİA-nın məlumatına görə, rəsmi Bakı ilə TDT arasında əməkdaşlığın əsas istiqamətləri ilə bağlı AZƏRTAC-ın suallarını Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi cənab Kubanıçbek Ömüralıyev cavablandırır.

- Sizi Bakıda salamlamağa şadıq. Bu gün Bakıda keçirilən COP29 çərçivəsində danışıqların nəticələrini necə qiymətləndirirsiniz? TDT ölkəyə 2030-cu ilə qədər istixana qazı emissiyalarını azaltmaq məqsədinə nail olmaqda necə kömək edə bilər?

- Biz Bakıda keçirilən COP29-un davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində fikir və ən yaxşı təcrübə mübadiləsi üçün mühüm platformaya çevriləcəyini gözləyirik. COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatı vasitəsilə TDT-yə üzv ölkələrin iqtisadiyyat, kənd təsərrüfatı, urbanizasiya, ətraf mühit və ekologiya nazirlərinin iştirakı ilə iqlim, innovasiya və yaşıl iqtisadiyyat üzrə bir sıra tədbirlər planlaşdırılır. TDT, həmçinin iqlim dəyişikliyinin yaratdığı təcili çağırışlara cavab olaraq davamlı inkişaf üzrə regional əməkdaşlığı yaxşılaşdırmaq üçün cəsarətli addımlar atır. Bu səylər 2024-cü ilin noyabrında Bişkek Sammitində liderlərimiz tərəfindən qəbul edilmiş Türk Yaşıl Baxışında açıq şəkildə ifadə olunub. Bu istiqamət Türk dünyasında davamlı inkişaf və iqlim fəaliyyətinə dair ortaq öhdəliyimizi ifadə edir. TDT, həmçinin ekoloji davamlılıq və rəqəmsal innovasiya sahələrində əməkdaşlığı təşviq etmək üçün İqlim və Yaşıl Rəqəmsal Platformanın yaradılmasını nəzərdən keçirir. Biz, həmçinin həssas dağ ərazilərində davamlı inkişafı dəstəkləmək üçün Dağ İqlimi Dialoqunu həyata keçirməyi planlaşdırırıq. Beləliklə, ümid edirik ki, COP29 birgə fəaliyyət məqsədlərimizə çatmaqda bizə kömək edəcək.

- Türk Dövlətləri Təşkilatının hansı iqtisadi üstünlükləri var?

- Türk Dövlətləri Təşkilatı öz üzvlərinə bir çox iqtisadi səmərə verir, əməkdaşlığı gücləndirir və inkişaf üçün yeni imkanlar yaradır. Bu, ilk növbədə, ölkələrimiz arasında iqtisadi inteqrasiyanın dərinləşməsi üçün platformadır. TDT-nin əhəmiyyətli üstünlüklərindən biri onun üzvlərinin strateji coğrafi mövqeyidir. Ölkələrimiz əsas ticarət yollarının kəsişməsində yerləşir və bu, nəqliyyat-logistika dəhlizlərinin inkişafına imkanlar yaradır. TDT ölkələri əhəmiyyətli neft, təbii qaz, kömür və bərpaolunan enerji mənbələrinə görə yüksək enerji potensialına malikdir. Məsələn, Azərbaycan və Qazaxıstan qlobal enerji bazarında mühüm rol oynayan regionda əsas neft və təbii qaz ixracatçılarıdır. Qırğızıstan öz su ehtiyatları sayəsində hidroenergetika sahəsində böyük potensiala malikdir. Özbəkistan Mərkəzi Asiyada ən böyük təbii qaz istehsalçılarından biridir. Türkiyə də öz növbəsində həm ənənəvi enerji mənbələrini, həm də bərpaolunan enerji mənbələrini, xüsusilə günəş və külək elektrik stansiyalarını fəal şəkildə inkişaf etdirir. Hər şeydən əvvəl başa düşmək lazımdır ki, Türkiyə iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatlarından biridir və onun G20 (“Böyük iyirmilik”) üzvü statusu ölkənin qlobal iqtisadi səhnədəki əhəmiyyətini vurğulayır. Türkiyə Avropa və Asiya arasında strateji mövqe tutur ki, bu da ona enerji də daxil olmaqla ticarət və logistika əlaqələri üçün əhəmiyyətli üstünlüklər verir. Bu təbii ehtiyatlar sayəsində TDT yerli enerji şəbəkəsini inkişaf etdirə və beynəlxalq enerji bazarlarında mühüm oyunçuya çevrilə bilir.

- İnvestisiya əməkdaşlığı haqqında nə deyə bilərsiniz?

- Bu kontekstdə 2023-cü ildə nizamnamə kapitalı 500 milyon dollar olan Türk İnvestisiya Fondunun yaradılması mühüm mərhələ oldu ki, bu da daxili ticarəti və regionda investisiyaları təşviq edən layihələrin maliyyələşdirilməsi üçün birgə platforma təmin edir. Digər üstünlük isə türk dövlətlərinin zəngin mədəni-tarixi irsi olmasıdır ki, bu da turistləri cəlb edir və turizm sənayesinin inkişafına imkan yaradır. Bu istiqamətdə TDT Türk dünyasının aparıcı turizm mərkəzlərindən biri kimi tanıdılması istiqamətində müxtəlif layihələrə start verib. “Yeni İpək Yolu Birgə Turu” və “Müqəddəs Yerlərə Ziyarət” kimi layihələr iştirakçı dövlətlər arasında dərin əlaqələri vurğulayır, həm turizmi, həm də mədəniyyət mübadiləsini dəstəkləyir. Türk Dünyasının Turizm Paytaxtı təşəbbüsü həm də mühüm turizm istiqamətlərini tanıtmaqla təkcə mədəni mübadiləni deyil, həm də iqtisadi artımı təşviq edir. Bu amillər birlikdə götürüldükdə, TDT ölkələrinə ticarət əlaqələrini yaxşılaşdırmaq, investisiya cəlbediciliyini artırmaq və iqtisadi artımı stimullaşdırmaq üçün iqtisadi inteqrasiya potensialından istifadə etməyə imkan verir.

- Türk inteqrasiyası kontekstində TDT-nin inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

- Türk inteqrasiyası kontekstində TDT-nin inkişaf perspektivlərinə gəlincə, onlar son dərəcə müsbət görünür. Biz dövlətlərimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, mədəniyyət və texnologiya sahələrində əməkdaşlığa marağın əhəmiyyətli dərəcədə artdığını görürük. İnteqrasiya Türk dünyası xalqları arasında birgə inkişaf, təcrübə mübadiləsi və əlaqələrin möhkəmləndirilməsi üçün unikal imkanlar yaradır. Əminəm ki, təşkilat bundan sonra da inkişaf edəcək və regionumuzda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verərək beynəlxalq aləmdə mühüm oyunçuya çevriləcək. Biz yeni ideya və təşəbbüslərə açığıq və bütün tərəfdaşlarımızla fəal əməkdaşlığa ümid edirik.

- TDT çərçivəsində birləşən türk dövlətləri mədəni və dil sahəsində bir-birlərini yaxınlaşdırmaq üçün fəal addımlar atır. Ortaq türk əlifbasının hazırlanması prosesi inteqrasiya və birliyin möhkəmləndirilməsi arzusunu simvollaşdırır. Türk dövlətləri ortaq iqtisadi siyasət yolunda hansı addımları atmaq niyyətindədirlər?

- Əsrlər boyu türk xalqlarının hər biri özünəməxsus dil və yazı sistemi yaratsa da, son onilliklərdə biz hamımız mədəni irsimizin qorunub saxlanmasının, birliyə can atmağın vacibliyini dərk etdik. Birliyimizin ən mühüm rəmzlərindən biri ortaq türk əlifbası ola bilər. Bu məqsədlər üçün TDT çərçivəsində Vahid Əlifba üzrə Komissiya yaradıldı. Bu ilin sentyabrında Bakıda Türk Akademiyasının nəzdində yaradılmış komissiyanın gərgin səyləri nəticəsində ortaq türk əlifbasının təklif olunan 34 hərfdən ibarət variantı yekunlaşdırılaraq qəbul edilib. Bu ortaq əlifba zəngin dil irsimizi qoruyub saxlamaq, türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etmək məqsədi daşıyır. İnteqrasiya və birliyin möhkəmlənməsi istəyi iqtisadi istiqamətdə də özünü göstərir. Bu kontekstdə, yaxınlarda Bişkekdə uğurla keçirilmiş 11-ci TDT Sammiti əhəmiyyət kəsb etdi və bu, TDT-nin iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə, bütün üzv dövlətlərin davamlı inkişafı və rifahına yönəlmiş ümumi iqtisadi siyasətin işlənib hazırlanmasına sadiqliyini bir daha təsdiq etdi. Bu məqsədlər üçün sammitin yekunlarına əsasən 16 müxtəlif sənəd, o cümlədən rəqəmsal iqtisadiyyat sahəsində Tərəfdaşlıq Sazişi, Mərkəzi Banklar Şurasının yaradılması haqqında Memorandum və Türk Yaşıl Maliyyə Şurasının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Bundan əlavə, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palataları 2 milyondan çox şirkəti ilə fəaliyyəti də bu istiqamətdə səylərimizə müsbət töhfə verir. Bu və digər tədbirlər türk dövlətləri arasında iqtisadi əməkdaşlığın uzunmüddətli inkişafına və onların dünya miqyasında rəqabət qabiliyyətini artıracaq dayanıqlı, inteqrasiya olunmuş iqtisadi zonanın yaradılmasına yönəlib.

- Türk Dövlətləri Təşkilatının Azərbaycanın iqtisadi siyasəti üçün əhəmiyyəti nədir?

- Sualınıza cavab olaraq diqqətinizi Azərbaycan Prezidentinin 2024-cü il fevralın 14-də parlamentdə andiçmə mərasimində Türk dünyası dövlətləri ilə əməkdaşlığın vacibliyini vurğuladığı çıxışına cəlb etmək istərdim. Prezident TDT-ni Azərbaycanın xarici siyasətinin əsas beynəlxalq təşkilatı və prioriteti adlandırıb. Buradan belə nəticə çıxır ki, TDT Azərbaycanın iqtisadi siyasətində mühüm rol oynayır. Təşkilat müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət və investisiya sahələrində çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün platforma təqdim edir. TDT-də iştirak Azərbaycana ənənəvi tərəfdaşlardan asılılığı azaltmaqla iqtisadi əlaqələrini şaxələndirməyə imkan verir. Bu, iqtisadiyyatın yeni sahələrinin inkişafına və xarici investisiyaların cəlb edilməsinə töhfə verə bilər.

TDT ölkələrindən malların ixracının ümumi həcmi də illər ərzində əhəmiyyətli artım nümayiş etdirib. Xüsusilə, bu rəqəm 2015-ci ildəki 420,4 milyard dollardan 2023-cü ildə 619 milyard dollardan çox artıb. Bu, dövr ərzində ixrac dəyərində əhəmiyyətli artım deməkdir. Bununla belə, TDT ölkələri arasında ticarət ümumi ixracın kiçik bir hissəsini təşkil edir və biz qardaş ölkələrimiz arasında ticarət dövriyyəsini artırmağa çalışırıq.

Azərbaycan enerji bazarında mühüm oyunçudur və TDT-də iştirak bu sahədə öz mövqeyini gücləndirə bilər. Digər türk dövlətləri ilə əməkdaşlıq regionun enerji təhlükəsizliyini təmin edəcək resursların nəqli və bölüşdürülməsi də daxil olmaqla birgə enerji layihələrinin həyata keçirilməsinə gətirib çıxara bilər. Təşkilat həm də türk xalqları arasında mədəni və tarixi əlaqələrin möhkəmlənməsinə kömək edir ki, bu da iqtisadi məsələlərdə daha dərin qarşılıqlı anlaşmaya səbəb ola bilər.

- Azərbaycan TDT-nin inkişafına necə töhfə verə bilər?

- Eyni zamanda, Azərbaycan Təşkilatın əsas üzvü kimi assosiasiyamızın inkişafının təşviqində mühüm rol oynayır. Azərbaycan iqtisadi və mədəni təşəbbüslərdə fəal iştirak, ticarət əlaqələrinin genişləndirilməsi, birgə investisiya layihələri və rəqəmsal texnologiyaların inteqrasiyası vasitəsilə TDT-nin inkişafına töhfə verə bilər.

- Şərq-Qərb nəqliyyat dəhlizi boyunca qarşılıqlı fəaliyyət Azərbaycan və TDT-nin üzv dövlətləri arasında mühüm əməkdaşlıq sahəsidir. TDT Azərbaycanın nəqliyyat sektorunun inkişafına, o cümlədən Orta Dəhlizin inkişafına necə töhfə verə bilər?

- Üzv dövlətlərimiz Avrasiyanın mərkəzində yerləşir və Avropa ilə Asiyanı birləşdirən ticarət yollarının qovşağını təmsil edir. Üzv dövlətlərdən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) getdikcə Avropa və Asiya arasında ən təhlükəsiz və ən qısa ticarət yoluna çevrilir. TDT sammitləri zamanı dövlət başçıları Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirir, üzv dövlətlərin müvafiq qurumlarına bundan sonra da əlverişli şəraitin yaradılması və inzibati prosedurların sadələşdirilməsi barədə göstərişlər verirlər. Biz Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizini daha səmərəli, dayanıqlı və qüsursuz marşruta çevirmək və nəqliyyatda rəqəmsal vasitələrdən geniş istifadə etmək istəyirik. “Türk dünyasının baxışı - 2040” strategiyası Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin Şərqlə Qərb arasında ən qısa və təhlükəsiz nəqliyyat əlaqəsinə çevrilməsi vəzifəsini də özündə əks etdirir. Bu, üzv dövlətləri bu dəhliz vasitəsilə regional və qlobal təchizat və dəyər zəncirlərinə inteqrasiya edəcək, həmçinin sərhəd keçidləri üçün gömrük və tranzit prosedurlarını sadələşdirəcək.

- Azərbaycanla TDT ölkələri arasında nəqliyyat və tranzit sektorunda əməkdaşlıq haqqında nə deyə bilərsiniz?

- Azərbaycan bu marşrutun ən mühüm qovşağıdır. Müasir nəqliyyat infrastrukturu, o cümlədən limanlar və dəmir yolları sayəsində Bakı bu proseslərdə əsas yer tutur. Orta Dəhlizin mərkəzi hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə Şimal dəhlizi ilə 30 gündən çox, Süveyş kanalı ilə isə 40-60 günlə müqayisədə tranzit müddətini 15 günə qədər azaldır. Transxəzər marşrutu üzrə nəqliyyatın həcmi təsirli templə artmaqda davam edir: 2023-cü ildə 2,8 milyon ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 faiz artım deməkdir. 2024-cü ildə 4 milyon tona qədər artım proqnozlaşdırılır və 2030-cu ilə qədər yükdaşımaların həcmi 11 milyon tona çata bilər. Bu ilin yanvar-sentyabr ayları arasında Orta Dəhliz boyunca konteyner daşımaları üç dəfə artaraq 34,600 TEU-ya, marşrut üzrə ümumi yüklərin həcmi isə 70 faiz artaraq 3,4 milyon tona çatıb. Dünya Bankının proqnozlarına görə, 2030-cu ilə qədər konteyner daşımalarının həcmi 2021-ci ilə nisbətən 2,5 dəfə, neft və neft məhsullarının daşınması isə 3,2 dəfə arta bilər. TDT çərçivəsində tərəfdaşlarımızla birgə həyata keçirilən “ePermit” və “eCMR” kimi mühüm təşəbbüslər bu marşrutlarda nəqliyyat əməliyyatlarını sürətləndirməyə və sadələşdirməyə kömək edir. Onu da vurğulamaq lazımdır ki, iki üzv dövlətimiz - Azərbaycan və Özbəkistan BMT-nin Avropa İqtisadi Komissiyasının platformasında eTIR sistemindən istifadə etməklə multimodal daşıma əməliyyatlarını uğurla həyata keçirib.

Bakı Limanının da iştirakçısı olduğu TDT çərçivəsində “Qardaş limanlar” prosesi xüsusi diqqətəlayiqdir. Bu proses TDT-nin üzv ölkələrin limanları arasında əməkdaşlığı gücləndirmək, infrastruktur əlaqələrini yaxşılaşdırmaq və qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaratmaq məqsədi daşıyır. TDT-nin gündəliyində duran mühüm məsələlərdən biri də marşrutdan daha səmərəli istifadə üçün Xəzər dənizindən keçid xərclərinin azaldılması və bərə gəmilərinin sayının artırılmasıdır.

TDT çərçivəsində Orta Dəhliz üzrə nəqliyyat əməliyyatları üçün şəraitin daha da yaxşılaşdırılmasına yönəlmiş Kombinə edilmiş yük daşımaları haqqında Saziş, Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Saziş və Nəqliyyat Əlaqələri Proqramı kimi mühüm sənədlər imzalanıb. Bu təşəbbüslərə regionda nəqliyyat infrastrukturunun və logistika əlaqələrinin inkişafı üçün 35-dən çox konkret fəaliyyət daxildir. İnfrastrukturun davamlı inkişafı və modernləşdirilməsi Azərbaycanın əsas nəqliyyat qovşağı kimi əhəmiyyətini, Şərqlə Qərb arasında əlaqələrin möhkəmləndirilməsini, eləcə də qlobal inteqrasiyanı və beynəlxalq ticarətin artımını təşviq edir.