Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, agentliyin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Baş katib Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində “ASAN xidmət” tərəfindən Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunun uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Qonaq “ASAN xidmət”in QDİƏT-in İnstitusional İslahatlar və Yaxşı İdarəçilik İşçi Qrupunun 2021-2023 və 2023-2025-ci illər üçün ölkə üzrə koordinatoru kimi səmərəli fəaliyyətini də xüsusi olaraq bildirib.
Görüş çərçivəsində “ASAN xidmət” təcrübəsinin təşkilata üzv dövlətlərdə tətbiqi və əməkdaşlığa dair müzakirələr də aparılıb.
Qonaq INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar “ASAN xidmət”, ABAD publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olub.