COP29 çərçivəsində beyin mərkəzlərinin işçi qrupu yaradılıb

15 Noyabr 2024 19:57 (UTC+04:00)

Bakı İqlim və Sülh Fəaliyyəti Habı çərçivəsində beyin mərkəzlərinin işçi qrupu yaradılıb.

SİA xəbər verir ki, bu barədə noyabrın 15-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və COP29 Sədrliyinin birgə təşkilatçılığı ilə keçirilən "COP29 Düşüncədən əmələ: Bakı habı ilə həll yollarının formalaşdırılması" mövzusundakı dəyirmi masada bildirilib.

Tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, bu işçi qrup Bakı İqlim və Sülh Fəaliyyəti Habının analitik qolu kimi fəaliyyət göstərəcək. Almaniyanın “Adelphi”, Birləşmiş Ərəb Əmirliklərinin “Anwar Gargash” Diplomatik Akademiyası (AGDA), Misirin "Münaqişələrin həlli, sülhün qorunması və sülh quruculuğu (CCCPA), Birləşmiş Krallığın Xarici İnkişaf İnstitutu (Overseas Development Institue-ODI) və “WEC Italy” (World Energy Council) beyin mərkəzlərinin bir araya gəldiyi tədbirdə beyin mərkəzləri iqlim və sülh arasında qarşılıqlı əlaqə ilə bağlı Bakı çağırışına qoşulduqlarını bəyan ediblər.

Beyin mərkəzlərinin işçi qrupu Bakı Habı Katibliyinin koordinasiyası ilə fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, COP29 Sədrliyinin danışıqlar qrupunun müşaviri Elşad İskəndərov, BMTM-in İdarə Heyətinin sədri F.Şəfiyev, CCCPA-nın Baş direktoru Ahmed Abdel Latif, “Adephi”dən iqlim diplomatiyası və təhlükəsizlik proqramının direktoru Janani Vivekananda, AGDA-dan Mustafa Bayoumi, “WEC Italy”dən Komitə üzvü Paolo Storti, ODI-dən Rebecca Nadin çıxış edərək işçi qrupunun yaradılmasının vacib təşəbbüs olduğunu vurğulayıb və mövcud bazanın əsasında keyfiyyətə nəzarət və düzgün tənzimləmənin aparılacağını vurğulayıblar.

Qeyd edək ki, sözügedən qrup tematik hesabatların, araşdırma və analitik nəşrlərin hazırlanması ilə məşğul olacaq. Həmçinin işçi qrup tələb olunduğu təqdirdə tövsiyə və praktiki təlimatlar təqdim etməli, Katiblik tərəfindən hazırlanan illik hesabatlar üçün məlumat bazası toplamalıdır.