ABŞ ilə yaşıl enerji keçidində beynəlxalq əməkdaşlığın təşviqi müzakirə edilib

15 Noyabr 2024 19:16 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, Nazirlikdən bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlığın prioritetləri, bərpaolunan enerji mənbələrindən istifadənin artırılmasının əhəmiyyəti, dayanıqlı biznes modellərinə investisiya axınının perspektivləri barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın iqtisadi inkişaf modelinin emissiyaların azaldılması, iqlimə davamlılığın təmin edilməsi və aşağıkarbonlu biznes strategiyalarına keçid kimi qlobal çağırışlara uğurlu adaptasiyası ilə bağlı prioritetlər nəzərdən keçirilib. Mərkəzi Asiya ölkələrindən Azərbaycandan keçməklə Avropaya yaşıl enerjinin ixracı layihəsi ilə bağlı məlumat verilib.

Tərəflər yaşıl enerji keçidində qlobal təchizatı sabitləşdirmək üçün beynəlxalq əməkdaşlığın təşviqi, Azərbaycanın bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, dayanıqlı biznes modellərinə investisiya axınının perspektivləri barədə öz fikirlərini bölüşüblər.