Amerikada seçkilər keçirildi və Donald Tramp yenidən hakimiyyətə qayıtmaqla, Ağ Evdə “rəhbər” dəyişdi. Sözsüz ki, bununla nələrinsə bitdiyini düşünmək olmaz və hələ dinamizmin bundan sonra davam edəcəyi gözlənilir. Trampın hakimiyyətə qayıdışı ilə əlaqədar olaraq, əlbəttə ki, bütün dünya ölkələrinin gözləntiləri var. Xüsusən də Ermənistanın bununla bağlı gözləntiləri tamamilə fərqlidir və hayların qorxu kompleksini görməmək mümkün deyil.
Rəsmi Vaşinqtondan fərqli yanaşma gözləyən hayların kürkünə birə düşüb
Təbii ki, böyük dövlətlərin strategiyası da öz miqyasına uyğun olaraq, daha genişdir və bunu hər zaman müşahidə etmişik. Xüsusən də Tramp Ağ Evə yenidən qayıdandan sonra həmin strategiyanın daha da genişlənəcəyi qənaətində olanlar az deyil. Hər kəs bilir ki, xırda dövlətlərdən fərqli olaraq, daha böyük dövlətlər daha mürəkkəb istiqamətdə siyasi xətt tuturlar. Həmin iri dövlətləri bəzən daha dərin sularda üzən gəmilərə bənzədirlər və Ermənistan kimi xırda dövlətlər həmin nəhəng gəmilərin yanında kiçik qayığa bənzəyir və heç də “təlatümlərə” tab gətirəcək sayılmırlar. Həm də nəzərə almaq lazımdır ki, iri gəmilərin yanına sığınmağa çalışan kiçik qayıqlar həmin gəmilərin “ləngər” vurduğu zamanda belə təhlükə ilə qarşılaşa bilərlər. Məhz elə ABŞ kimi çox böyük dövlətin yanında qərarlaşmaq, itaəti altında olmaq, bir sözlə, həmin iri gəmilərin yanında, yaxud nəzarətində belə “üzmək” Ermənistan üçün həddindən artıq təklükəli sayılır. Elə erməni cəmiyyətində müşahidə edilən həyəcan özü belə bu təhlükənin təzahürü kimi görünür. Görünən odur ki, haylar Donald Trampın “qayıdışından” bərk narahatdırlar. Bəlkə də Baydenin qanadı altına sığınaraq, bir qədər rahatlandıqlarını zənn edənlər indi yuxularını da qarışdırıblar, çünki heç də əvvəlki kimi olmayacağının fərqindədirlər. Haylar bilirlər ki, bu vaxta qədər “buyruq qulu” kimi amerikalıların ssenarilərinə uyğun davranmaları bundan sonra işlərinə heç də yaramaya bilər. İndi ermənilər xüsusən də elə hesab edirlər ki, Baydenin “sadiq nökərləri” olduqlarına görə də cavab verə bilərlər və hər halda bu qənaətə gələnlər Trampın ona rəqib olmasından qorxurlar deyə belə fikirləşirlər. Sözsüz ki, bu da nəzərə alınacaq məqamdır və ermənilər düşünürlər ki, Tramp onlara məhz Bayden kimi “yaxın” ola bilməz. Amma heç də bu, hamısı deyil və erməniləri daha çox qorxudan məhz ABŞ kimi nəhəng bir dövlətin hələ bundan sonra hansı siyasi xətti tutacağıdır. Hər halda, hayların ilk ağıllarına gələn Amerikanın öz mənafeyi naminə siyasət aparacağı, ələlxüsus da Ağ Evin yeni rəhbərinin tamamilə fərqli şəkildə yanaşacağı məsələsidir. Yəni, ermənilər bilirlər ki, sonsuza qədər amerikalılar tərəfindən dəstəklənəcək, maddi yardımlarla, vəsaitlərlə təmin ediləcək deyillər. Ən azından rəsmi Vaşinqtonun bundan sonra fərqli istiqamət götürəcəyinə əmindirlər. Əmindirlər ki, Respublikaçılar məhz Demokratlardan fərqli yanaşma ortaya qoyacaqlar. Yaxud da, Trampın məhz Baydenin yolunu getməyəcəyinə əmindirlər və hayların kürkünə də birə elə buna görə düşüb.
Ermənistan kimi çox xırda ölkələri nələr gözlədiyi hələ məlum ola bilməz
ABŞ elə bir dövlətdir ki, kimin “rəhbər” olmasından asılı olmayaraq, öz istədiyini bütün dünyaya sırımağa çalışır və bu vaxta qədər olduğu kimi, bundan sonra da eyni şəkildə davam edəcək. Yəni, rəsmi Vaşinqton üçün lap əvvəldən bəlli siyasət var. Doğrudur, rəhbərin, yəni, prezidentin dəyişməsi ilə hansısa dəyişikliklər gözləniləndir, amma siyasi xəttin dəyişəcəyini ağıla belə gətirmək mümkün deyil. Daha dəqiq desək, yenə də amerikalılar hegemonluq iddiasındadırlar və hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, bu məsələdə qətiyyən güzəştə gedəcək deyillər. İstər Bayden olsun, istərsə də Tramp olsun, yenə də rəsmi Vaşinqton hansısa ölkələrə öz “diqtəsini” etməyə çalışacaq və bu məqamda da Ermənistan kimi çox xırda ölkələri nə gözlədiyi hələ məlum ola bilməz. Elə qorxu kompleksi də bununla bağlıdır. Çünki haylar indi çox qaranlıq bir durumda özlərini hiss edirlər və qarşılaşacaqlarının nədən ibarət olduğunu qətiyyən bilmirlər. Eyni zamanda, Ermənistanın nə müstəqil, nə də suveren siyasəti yoxdur deyə, xüsusən də rəsmi İrəvanın “itaətkar” olması fonunda hayları qorxu bürüyüb. Cənubi Qafqazda küncə qısılmış vəziyyət qalan ermənilər bu vaxta qədər Baydenin “qanadı” altına sığındıqlarını düşünürdülərsə, bununla “təskinlik” tapırdılarsa, indi bu təskinlikdən də məhrum olublar.
Xüsusən onu da nəzərə almaq lazımdır ki, ABŞ kimi tanınan ölkəni “ideallaşdırmaq” da, bu fonda həmin dövlətə sığınmaq da, güvənmək də mümkün deyil. Əhali arasında yoxsulluq, narkomaniya, cinayət, nizamsız miqrasiya, çoxlu parazitlər olduğu halda, bu ölkəni hansısa formada arxa və dayaq saymaq da axmaqlıqdır və indi bu axmaqlıqlarının fərqində olmaları da erməniləri qorxuya salıb. Haylar özləri də yaxşı bilirlər ki, onları demokratiya nağılı ilə qızışdırıb ortaya salan və “oynadan” ABŞ, özünün çaşqın və müəmmalı ikipartiyalı seçki sistemini ilə qətiyyən nümunəvi demokratik ölkə sayıla bilməz. Amma onu da yaxşı bilirlər ki, bu ölkənin özünün davamlı inkişaf paradiqması var və şərti olaraq, respublikaçılarla demokratlar arasındakı səhnələşdirilmiş və qondarma “mübahisə” bunun fonunda çox gülünc görünür.
Diqqətə çatdıraq ki, erməni əsilli ekspertlər özləri də elə hesab edirlər ki, Trampın qələbəsi haylar üçün heç də arzuolunan deyil. Yəni, ən yumşaq şəkildə desək, Respublikaçıların və onların liderinin hakimiyyətə qayıdışı erməniləri qətiyyən qane edə bilməz. Məsələn, amerikalı erməni əsilli alim Suren Sarkisyan hesab edir ki, Baydenin prezidentlik illərindən fərqli olaraq, indi ABŞ-da hakimiyyətin dəyişməsi ilə Ermənistan-Amerika münasibətləri sferasında müəyyən passivlik olacaq. Başqa bir erməni əsilli politoloq Stepan Danielyan Nikol Paşinyanın “yanlış yol” seçdiyindən təəssüfləndiyini gizlətmir. Onun fikrincə “Gürcüstan və Azərbaycan hakimiyyəti Trampla yaxın olduğu halda, Paşinyan hakimiyyəti altında olan Ermənistanın demokratlara ümid bağlaması yanlışlıq olub. Yəni, artıq ABŞ-ın demokratiya adı altında qurduğu oyunun, özü də Baydenin rəhbər kimi bu oyunu sırımağa çalışdığının yanlışlığı barədə qənaətə gələn ermənilər heç də azlıq təşkil etmir, çünki onlar alət olduqlarının fərqindədirlər. Həm də bilirlər ki, bundan sonra alət olmaları da onlara “kömək” olmayacaq.
Bəli, hayların “başbilənləri” düşünürlər ki, Tramp üçün prioritet bütün dünyada demokratik dəyərlərin təbliği deyil, doğma ölkəsinin problemlərinin həlli və özünün istədikləridir. Bu vaxta qədər demokratiyanı “bayraq edən” haylar artıq başa düşürlər ki, daha əllərində bayraq edəcək bir məqam yoxdur. Bilirlər ki, bundan sonra demokratiya adında bəhanələri də heç kimə lazım olmayacaq. Daha ermənilər demokratiya barəsində yalandan “ağız dolusu” danışaraq, heç beynəlxalq qurumların da, beynəlxalq ictimaiyyətin də başını “gicəlləndirə” bilməyəcəklər. Çünki onlara bunu etdirən də Bayden idi və ondan fərqli olaraq, Trampın belə bir marağının olmadığını ermənilər hələ çoxdan bilirdilər. Məhz ona görə də seçkidən əvvəl də bununla bağlı “həyəcan təbili” çalırdılar və qorxularını da gizlətmirdilər. Ermənistana məxsus mətbuat səhifələrində məhz Trampın qayıdışı ilə bağlı qorxunu və həyəcan təbilini təsdiq edən yazılar da kifayət qədər idi və indi onların sayının daha da artması özü də qorxu kompleksinin olduğunu birmənalı şəkildə təsdiq edir.
Haylar vəziyyəti tamamilə fərqlidir və erməni cəmiyyətində müşahidə edilən qorxu kompleksi də başadüşləndir
Bir məqamı da diqqətdən yayındırmaq olmaz ki, Donald Trampın İrana qarşı düşmən kimi yanaşması da var. Yaxşı bilirik ki, Tramp hər zaman rəsmi Tehrana qarşı sərt mövqe nümayiş etdirib. Bunu ermənilər daha yaxşı bilirlər və nəzərdən qaçırmırlar, çünki bu, daha çox onları maraqlandıran, daha doğrusu, “incidən” məqamdır. Əvvəla ona görə ki, Ermənistan hər yerdən əli üzüləndə İrana tərəf əl açır və rəsmi İrəvan köməyi də, dəstəyi də Tehrandan alacağına ümid edir. Haylar hələ üstəlik İranın tərəfini də saxlayırlar. İranla uzun zamandır Ermənistan “eyni bir daşın altında” gizlənir. Bunun da indiki durumda rəsmi Vaşinqtona xoş gələcəyini heç qətiyyən ağıla belə gətirmək olmaz. Xüsusən də Donald Trampın sadalanan həmin məqamları nəzərdən qaçıracağı qətiyyən inandırıcı görünmür. Hayların yuxularını qarışdırmalarının, Trampın qayıdışı ilə orataya çıxan qorxu kompleksinin bir səbəbi də məhz budur.
Bəzən haylar ABŞ-la əlaqələr, münasibətlər məsələsində Ermənistan və Gürcüstan arasında paralellər aparmağa cəhd edilər. Bir çoxları da etiraf edirlər ki, belə paralellər aparmaqda da yanılırlar. Həqiqətən də belə bir müqaisə yanlışlıqdır. Çünki Ermənistan heç də Gürcüstan kimi bir dövlət deyil. Gürcüstan ən azından iqtisadi baxımdan Ermənistanla müqaisəyə belə gəlməyən dövlətdir. Bu ölkənin hansısa məqamda Amerikaya, Qərbə müqavimət göstərməyə gücü çatır və müstəqil, süveren siyasət yürütməyə də meyilli olduğu müşahidə edilir. Görünən odur ki Gürcüstanda vəziyyət tamam başqadır. Müşhidələr təsdiq edir ki, həmin ölkədə parlament seçkiləri keçirildi və hansısa mənada rusiyayönlü, yaxud da “Rusiyaya daha sərfəli olan” tərəf, yəni, “Gürcü arzusu” qalib gəldi. Bir sözlə, Qərbə rəqib olan tərəfi belə qəbul etməkdən gürcülər çəkinmədilər. Hətta müxalifət də meydana çıxdı. Gürcülərin indi ermənilərə baxanda Cənubi Qafqazda siyasi cəhətdən fəal xalq olması da öz təsdiqini tapdı. Ermənistan isə müti şəkildə ABŞ kimi hegemon dövlətin oyunlarının alətinə çevrilməkdən başqa yol tapa bilmir. Artıq rəsmi İrəvan məhz Vaşinqtonun yürütdüyü siyasətə təslim olub və heç bir iradə nümayiş etdirmək iqtidarında da deyil. Haylar uduzduqları, məğlub olduqları müharibədən sonra, guya ki, Paşinyan tərəfdarlarının “zəbt etdiyi” Milli Məclisdə öz iradələrini göstərməyə qalxdılar. Bu toplum vəhşiliyi və revanşizmi iradə nümayiş etdirmək sayırsa, bərk yanılır. Parlamentə soxulmaq, öz xislətlərinə uyğun vandallıq etmək, stulları sındırmaq, Paşinyanın saatını oğurlamaq siyasi iradə deyil. Bu elə qorxu kompleksinin daha bir təzahürüdür, hansıki bunu ermənilər özləri daha dəqiq bilirlər. Elə bu baxımdan da haylar öz durumlarını hamıdan yaxşı başa düşürlər və erməni cəmiyyətində müşahidə edilən qorxu kompleksi də həm başadüşləndir, həm də gözləniləndir.