“Ölkəmizin COP29-a ev sahibliyi etməsi böyük uğurdur” - ŞƏRH OLUNDU

15 Noyabr 2024 15:56 (UTC+04:00)

“Hər kəs razılaşar ki, COP29 həm siyasi, həm enerji sektorunun, həm də miqrasiya sahələrinin inkişafı nöqteyi-nəzərindən çox vacib tədbirdir. Ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsi böyük uğur olmaqla bərabər, həm də malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmlidir. Şübhə yoxdur ki, siyasi nöqteyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində məhz Azərbaycanın rolunun daha da inkişafına və onun yerinin güclənməsinə gətirib çıxaracaq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, ölkə başçısı da COP29-un açılış mərasimindəki çıxışında bu məqama toxunaraq bu tədbirə ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsini beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi olaraq təsnif etdi: “Bu gün ölkəmiz Şimal ilə Cənub, Qərb ilə Şərqin qovşağında yerləşməklə müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri yaratmağa müvəffəq olub. Bunun da səbəbləri var. Uzun dövr ərzində sivilizasiyalar arası və dinlər arası dialoq mühiti formalaşdırmağa müvəffəq olan ölkə olaraq dörd il ərzində Qoşulmama Hərərkatına rəhbərlik etməyimiz, paralel olaraq Avropa İttifaqının on ölkəsi ilə strateji tərəfdar qismində çıxış etməyimiz bizə rahat şəkildə müxtəlif beynəlxalq iştirakçılar arasında körpü rolu oynamağa imkan verir.

Prezidentin çıxışında önəmli məqamlardan biri Azərbaycanın Yaşıl gündəliyi və alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin təqdimatı oldu. Məlumdur ki, ölkəmizin bərpaolunan enerjidə texniki potensialı quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir. 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. BƏƏ-nin Masdar şirkəti, Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti və Birləşmiş Krallığın bp şirkəti ilə bir sıra layihələr həyata keçirilir və ya keçirilməsi planlaşdırılır.
Ümumiyyətlə isə qeyd edim ki, Azərbaycan olaraq biz iqlim dəyişiklikləri ilə bağlı götürdüyümüz öhdəliklərə uyğun olaraq bir sıra işlər görmüşük və bu hər kəs tərəfindən təqdir olunur. Belə ki, 1990-2022-ci illər üzrə aparılmış İstilik Effekti Yaradan Qaz Emissiyalarının inventarlaşmasına əsasən 2022-ci ildə Azərbaycan baza ili olan 1990-cı illə müqayisədə emissiyaların 34,2% azalmasına nail olmuşdur. Bütün bunlar şübhəsiz ki, ölkədə həyata keçirilən uğurlu ekoloji siyasətin nəticəsində mümkün olmuşdur. Ətraf mühitə zərər vurmayan yüksək texnologiyalardan istifadə, yaşıl enerji mənbələrindən istifadənin genişləndirilməsi, istilik elektrik stansiyalarında mazutdan istifadənin dayandırılaraq daha təmiz yanacaq olan təbii qaza keçilməsi, məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi, yeni meşə massivlərinin salınması və görülmüş digər işlər bunun bariz sübutudur.
Prezidentin çıxışında digər vacib məqam isə Azərbaycana qarşı hücumların cavablandırılması ilə bağlı oldu. Azərbaycanı neft-qaz ölkəsi olmaqda ittiham edən ölkələrə konkret faktlarla cavab verən president bildirdi ki, ölkəmiz qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Və bu baxımdan da zərələrin qazların atılmalarındakı payımız cəmi 0,1 faiz təşkil edir ki, bu da Azərbaycana qarşı kampaniya aparan ayrı-ayrı ölkələrdən qat-qat aşağıdır.
BMT-nin iqlim dəyişiklikləri ilə bağlı hesabatlarına da baxdıqda görürük ki, inkişaf etmiş ölkələrin zərərli qazların atmasferə buraxılmasındakı payı digər ölkələrlə müqayisədə həddən artıq çoxdur. Məsələn G20 ölkələrinin bu mənada payı 80 faziə çatır. Odur ki, zəngin təbii sərvətlərə malik olduğumuza görə bizim hədəfə götürülməyimiz qərəz və riyakarlıqdan başqa bir şey deyil.
Amma kimin nə deməsindən asılı olmayaraq, Makron və onun kimilərin ölkəmiz əleyhinə boykot çağırışlarına baxmayaraq COP29-da 196 ölkədən nümayəndələrin iştirakı, 80-dən artıq prezident, vitse-prezident və baş nazirlərin tədbirə qatılması onu deməyə əsas verir ki, dünya böyük ölçüdə bizim haqlı olduğumuzu qəbul etdi və bununla da anti-Azərbaycançı qüvvələrə sözün əsl mənasında dərs vermis oldu”.