"Kişilər də burunlarında estetik əməliyyat etdirsə də, daha çox qadınlar bu addımı atdığından qadın psixologiyasına toxunmaq istəyirəm". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.
O bildirib ki, ilk olaraq bu qərarı verən insanlar hansı səbəbdən bu addımı atırlar, o barədə söz açmaq istəyirəm: "Burun əməliyyatı olan insanlar necə olur bu qərara gəlirlər? Həqiqətən mi problemləri burunlarıdır?
Qadınların müəyyən qismində, qonşudan qalma geri prinsipinə uygun digər xanımlarla rəqabət hissi vardır. Göstəriş əsrindəyik. Kim hara getsə, nə etsə statuslarından, instagram hekayələrindən görə bilirik. Bu görüntüləri çox adam görür, amma hər kəs eyni reaksiyanı verir mi?Əlbəttə ki, xeyr.
İçində hər hansısa problemlə bağlı boşluq hissi olan, yeniliyə ehtiyacı olan qadınlar burunlarında dəyişiklik etdirsələr, həyatları dəyişəcəkmiş kimi hiss edirlər. Halbuki problem burunlarında deyil, özlərini inandırdıqları düşüncələrindədir. Bu qərarı verməzdən öncə özgüvən terapiyasını almış olsalar, əməliyyata gedən qadınların çoxu bu qərarından geri dönmüş olar. Bəzən ailə üzvlərimiz hansısa qüsurumuzu tez-tez bizə xatırladaraq istəmədən də olsa, psixoloji basqılar edə bilərlər. Bu vəziyyət də özgüvənimizi aşağı salaraq bizi dibə çəkə bilər.
Aşırı həssas insanlar, hətta bu səbəbdən depressiyaya da düşə bilər. Çünki ailə üzvlərimiz bizə daha çox doğma olduğundan onlara daha çox inanmış ola bilərik. Daxilimizdəki boşluqları düzəltdiyimiz halda görünüşümüzdəki qüsurlar gözümüzdə kiçilmiş olar. Bəs bu düzəlişi ilk olaraq kim etsin?Əlbəttə, özümüz etməliyik".