"Miras birinci növbəli vərəsəyə çatmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

15 Noyabr 2024 11:32 (UTC+04:00)

"Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır: "Yəni vəsiyyətnamə olmadıqda, qanun üzrə vərəsəlik qüvvəyə minir.

Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

Birinci növbədə olan vəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

İkinci növbədə - ölənin bacıları və qardaşları.

Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası.

Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.

Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları".

Onun sözlərinə görə, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir: "Məsələn, birinci növbəli vərəsələrdən kimsə sağdırsa artıq ikinci növbədə kiminsə sağ olmasının heç bir əhəmiyyəti yoxdur. Miras birinci növbəli vərəsəyə çatmalıdır.

Mirasın qəbulu zamanı problem yaşamaq istəməyən vətəndaşlar miras qoyanın öldüyü andan etibarən mümkün qədər tez bir müddətdə notariusa müraciət edib vərəsəlik işi açdırmalı və vərəsəlik şəhadətnaməsi almalıdırlar. Məhz bundan sonra onlar həmin şəhadətnamə əsasında miras qalmış əmlaka dair öz adlarına çıxarış ala bilərlər".