Azərbaycanın kiçik ada dövlətlərinə yardımı üçüncü ölkələrə qarşı deyil – ŞƏRH EDİLDİ

14 Noyabr 2024 12:45 (UTC+04:00)

"Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Ölkəmiz bundan əvvəl də fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişdir. Ölkəmiz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişdir. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Azəqbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə ölkəmiz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişdir. Prezident İlham Əliyev Bakıda COP29 sammitindəki çıxışında bildirib ki, “Biz, həmçinin ərzaq təhlükəsizliyi, mədəni irsin qorunmasında yardım göstərmişik. Bir çox kiçik ada ölkələri bizim təqaüd proqramlarından yararlanıb, onların vətəndaşları Azərbaycandakı universitetlərdə təhsil alıb”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə Qərbin Azərbaycana münasibətində qərəzli yanaşmalar burada da özünü göstəriri: “Rəsmi Bakı dünya ölkələri ilə beynəlxalq münasibətlər sistemindəki mövcud qanunları, BMT Nizamnaməsini və digər standartları əsas götürərək əlaqələr qurur. Ərazilərinin bərpa olunmasında da BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad olundu. Amma bu gün Avropanın liderliyinə can atan Fransa bu uğursuzluğu ilə barışa bilmir. Bütün platformalardan istinfadə edərək üstümüzə gəlir, bizi ittiham edir, bu yetmirmiş kimi Ermənistanı bizə qarşı silahlandırır. Fransa az-az ölkələrdəndir ki, dünyanın fərqli yerlərində müstəmləkəçilik siyasətini davam etdirir. Xalqları istismar edir, onların sərvətlərini talayır, müstəqilliyə can atan həmin ölkələrin insanlarını öldürür, həbs etdirir, özgürlük istəklərini boğur, onları separatçılıqda, təxribatşılıqda ittiham edir. Azərbaycan tərəfindən Parisin qanunsuz əməlləri, müstəmləkəçi siyasəti ifşa olunanda isə bizi suçlu çıxarır. Fransalı nazirin COP29-un üçüncü günündə iştirakdan imtina etməsinin səbıbini də burada axtarmaq lazımdır. Azərbaycan iqlim mövzusunu Azərbaycan-Fransa arasında olan münasibətlərə qarışdırmır. COP29-dan öncə də birgə tədbirlər olub və fransızlar burada iştirak ediblər. Belə görünür ki, rəsmi Paris bu ssenarini əvvəldən hazırlayıb və tədbirin üçüncü günündə onu reallaşdırıb, diqqəti öz üzərinə çəkmək istəyib. Fransanın maliyyə dəstəyi ilə həm Avropada, həm də Cənubi Qafqaz ölkələri Gürcüstan və Ermənistanda "ekoaktivistlər"in iştirakı ilə keçirilən aksiyalardakı şüarlar eynidir. Dünyanın iqlim problemlərinin həlli ilə məşğul olmaq istəməyən Fransa bütün üsullardan istifadə edir ki, günahı başqalarının üzərinə atsın. Yelisey Sarayının hədəfində olmağımız təsadüfi deyil, çünki Azərbaycanın atdığı düz hədəfə dəyib”.