Melaniya Trampın niyə Ağ Evdə yaşamaq istəmədiyi məlum olub

14 Noyabr 2024 00:35 (UTC+04:00)

...Seçkilərdə qalib gələn ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya böyük ehtimalla ərinin andiçmə mərasimindən sonra oğlu Barron və Floridada yaratdığı peşəkar çevrəyə görə Ağ Evdə daimi yaşamayacaq.

SİA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

...Telekanalın məlumatına görə, hazırda Melaniya Trampın birinci xanım kimi iş qrafiki və yeri ilə bağlı müzakirələr gedir.

Bununla belə, CNN mənbələrinin bildirdiyinə görə, ərinin ilk prezidentlik dövründə olduğu kimi, o, öz vəzifələrini yerinə yetirərkən daha çox müstəqilliyini qorumağı planlaşdırır.

Növbəti dörd il ərzində Melaniya Trampın vaxtının çox hissəsini dostları və peşəkar şəbəkələrini qoruduğu Floridadakı ailə iqamətgahında və oğlu Barron Trampın universitetdə oxuduğu Nyu Yorkda keçirəcəyi gözlənilir.

Eyni zamanda, o, əsas tədbirlərdə iştirak etməyə davam edəcək və birinci xanım kimi öz gündəliyini həyata keçirəcək.

Bu ssenariyə sübut olaraq CNN qeyd edir ki, onun ilk qərarlarından biri indiki birinci xanım Cill Bayden ilə Ağ Evdə ənənəvi simvolik görüşdə iştirak etməmək olub. Trampın komandası bunu onun kitabının təbliği ilə məşğul olması ilə əlaqələndirib.

Əli Babayev