"Fundamental addımlar atmalı, ya da öz məhvinə hazır olmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

13 Noyabr 2024 09:38 (UTC+04:00)

"COP29 bəşəriyyətin diqqətini dünyadakı iqlim problemlərinə cəlb etməklə yanaşı, həm də bu problemlərdən xilas yolunu özündə əks etdirməkdədir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Cəlil Xəlilov bildirib.

O bildirib ki, COP29-un gedişatında yeni ekoloji yanaşma və dəyərlər formalaşmaqdadır: "COP29-un bütün bəşəriyyət üçün əsl önəmi sammit çərçivəsində artan ekoloji problemlərin müzakirəsi ilə yanaşı, bu problemlərdən qurtulmaq üçün xilas yollarının gündəmə gətirilməsi, bu istiqamətdə konkret qərarların qəbuludur. Yəni Azərbaycanın moderatorluğu altında keçirilən COP29 sammiti, dünyanı ekoloji fəlakətdən qurtarmaq üçün dönüş nöqtəsidir. Bütün dünya məhz COP29 sayəsində ekoloji fəlakətin nə qədər yaxında olduğunu, planetin gələcəyinin necə böyük təhlükə ilə üz-üzə qaddığını dərk etdi. Habelə, dünya gördü ki, bu fəlakətdən qurtulmaq üçün ya indi kritik, fundamental addımlar atmalı, ya da öz məhvinə hazır olmalıdır".

"Azərbaycan “yaşıl enerji”yə keçid, ekoloji mühitin yaxşılaşması, meşələrin bərpası, səhralaşma prosesinin qarşısının alınması və s. istiqamətində həm təbliğati, həm də praktiki müstəvidə mühüm addımlar atmalıdır. Bu məsələdə qeyri-hökumət təşkilatları da fəal iş aparmalı, xüsusilə media və sosial şəbəkələrdə bu ideyaların yayılması, təbliği istiqamətində ciddi aktivlik sərgiləməlidir.

Biz bütün bunlarla yanaşı, həm də dövlətimizin COP29 çərçivəsində qlobal ekoloji mühitin yaxşılaşmasına verdiyi dəstəyin təbliğatında da fəal iştirak etməli, eyni zamanda Ermənistanın ekoloji cinayətlərini ifşa etməliyik. Bütün dünya görməlidir ki, Ermənistanın vaxtilə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji vəhşiliklər bütün planetin təhlükəsizliyi üçün necə böyük təhdiddir və ölkəmiz bu qorxunc siyasətin nəticələrini ortadan qaldırmaq üçün necə böyük əmək sərf edir" - deyə o, əlavə edib.