"Müəllimlər daha çox şəhərlərdə işləməyə üstünlük verir" - MÜNASİBƏT BİLDİRİLDİ

13 Noyabr 2024 09:03 (UTC+04:00)

"Məktəblərdə yaranan vakansiyaların sayı müəllimlərin işə qəbulu müsabiqəsindən uğurla keçən, müəllim olmaq istəyənlərin tələbatını qarşılamaq üçün kifayət etmir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O bildirib ki, nəticədə, yüksək balla imtahanlardan keçən müəllimlər belə işsiz qalır: "Müəllimlər daha çox şəhərlərdə işləməyə üstünlük verir. Kiçik şəhər və kəndlərdə müəllimlərə olan tələb nisbətən azdır. Çünki daha çox tələb və yüksək səviyyəli peşəkar bacarıqlar tələb edilir. Yaxşı şəraitə malik, mərkəzdə yerləşən məktəblərdə vakansiyalar daha az olur və bu yerlər üçün rəqabəti artır. Müəllimlik ixtisası Azərbaycanda maraqlı sahədir. İnsanlar bu sahəni seçir. Universitetlərə qəbul edilən müəllim sayı da artdığından, təhsilini bitirən müəllimlərin hamısı iş tapa bilmir. Müəllim sayının artması, yaxşı iş şəraiti və maaşlar, şəhərlərə üstünlük verilməsi kimi amillər məktəblərdə rəqabətin yüksək olmasına səbəb olur.

Dünyanın bir çox ölkəsində urbanizasiya, yəni kəndlərdən şəhərlərə köç var. Bu urbanizasiya şəhərlərdə müəllim sıxlığına, müəllimlərin işsiz qalmasına, kəndlərdə isə müəllim çatışmazlığına gətirib çıxarır. Belə hal bəzən fənlərlə də əlaqəli olur. Məsələn, riyaziyyat, ingilis dili müəllimi normadan çox olur, tarix-coğrafiya fənninin tədrisində isə müəllim çatışmır. Bu da boş yerlərin olma səbəblərindəndir. Bəzi hallarda isə namizədlər vakant yerlər olsa da, lazımi qədər bal toplaya bilmədikləri üçün işsiz qalırlar. Müəllimlər MİQ imtahanından keçməsələr belə, əgər vakant yer varsa, müqaviləli formada öz kənd və qəsəbələrində yerləşən bir məktəbdə müəllim işləyə bilirlər".