Papa Fransisk Dünya Yoxsullar Günündə 1300 ehtiyacı olan insanla Vatikanda nahar edəcək

13 Noyabr 2024 03:38 (UTC+04:00)

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Dünya Yoxsullar Günündə - noyabrın 17-də 1300 ehtiyacı olan insanla Vatikanda nahar edəcək. SİA xəbər verir ki, pontifik Müqəddəs Pyotr Bazilikasındakı tədbirə başçılıq edəcək, Vatikanda Müqəddəs Yubiley İli çərçivəsində “13 ev” layihəsi üzrə 13 ölkəni təmsil edən imkansız insanlar üçün tikiləcək yeni evlərə xeyir-dua verəcək. Bu ölkələr arasında Suriya da var və 13 evin inşası Müqəddəs Taxt-Tac tərəfindən xeyriyyəçilik jesti olaraq maliyyələşdiriləcək. Roma Papası daha sonra 1300 yoxsul və ehtiyacı olan insanla birgə nahar edəcək. Həmçinin yoxsullara və ehtiyacı olanlara gündəlik pulsuz tibbi xidmətlər göstəriləcək.

Qeyd edək ki, Roma Katolik bayramı olan Dünya Yoxsullar Günü təşəbbüsü 2017-ci ildə ilk dəfə irəli sürülüb və bu il sayca səkkizincisi qeyd ediləcək.