Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) Pakistanın Pəncab əyalətində havanın çirklənməsi səbəbindən 11 milyon uşağın sağlamlığının təhlükə altında olduğu barədə xəbərdarlıq edib.
SİA xəbər verir ki, UNICEF-in Pakistan üzrə rəsmi nümayəndəsi Abdullah Fadil verdiyi açıqlamada Pakistan hökumətini Pəncabda havanın çirklənməsini azaltmaq üçün təcili tədbirlər görməyə çağırıb. Fadil hava çirkliliyinin 11 milyon uşağın sağlamlığına mənfi təsir göstərdiyini bildirib. O, qeyd edib ki, rekord səviyyədə hava çirkliliyi olan Pakistanda 5 yaşdan kiçik uşaqların ölümlərinin təxminən 12 faizi havanın çirklənməsi ilə əlaqələndirilir.
Pakistan hökuməti, Pəncab əyalətindəki bəzi şəhərlərdə havadakı çirkliliyin rekord həddə çatması səbəbindən, noyabrın 17-dək parkları, zooparkları, muzeyləri və tarixi yerləri bağlamağa qərar verib. Əyalət hökuməti vətəndaşlardan maska taxmalarını tələb etsə də, bu qərara əməl olunmadığı bildirilir.
Hökumət, çirklənmə ilə mübarizə üçün süni yağış yağdırmaq üsulunu da araşdırır.