Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC regionda təkrar emal olunmuş materiallardan poçt markalarının buraxılmasına başlayıb. SİA nazirliyə istinadən xəbər verir ki, bu yenilik poçt xidmətlərinin ətraf mühitə təsirini azaltmaq və ümumi xidmət sahəsində yaşıl həlləri təşviq etmək məqsədi daşıyır.
İlk buraxılan marka isə Azərbaycanda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunub. Tədbirin ölkəmiz üçün əhəmiyyətini nəzərə alaraq, buraxılan markaların COP29 tədbirinin konsepsiyasına və tələblərinə tam cavab verməsi “Azərpoçt” tərəfindən təmin olunub. Tam innovativ sayılan bu buraxılışın əsas ideyası ondan ibarətdir ki, markalar 100 faiz təkrar emal edilmiş materiallar əsasında çap olunub.
Markalar Almaniyanın Berlin şəhərində yerləşən “Bundesdruckerei GmbH” mətbəəsində 10 000 tirajla çap edilib. Qeyd olunub ki, təkcə kağızın təkrar emalı 2,5 ay çəkib. Bu da “Azərpoçt”un yaşıl dünya naminə həmrəylik nümayiş etdirərək, COP29 tədbirinin ideyasına sona qədər sadiq qalmasını göstərir.
Qeyd edək ki, təkrar emal edilmiş materiallardan istifadə təşəbbüsü təkcə tullantıların azaldılmasına kömək etmir, həm də regionda poçt və dövlət xidmətləri üçün yeni standart müəyyən edir.