"Azərbaycana və Ədəbiyyat Muzeyinə yenidən qayıtmaq istərdim"

11 Noyabr 2024 20:46 (UTC+04:00)

Noyabrın 11-də açılış mərasimi keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29), həmçinin Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində iştirak etmək məqsədilə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç və heyətin üzvü Jelka Tsviyanoviç Azərbaycan Respublikasına səfərə gəliblər.

Səfər çərçivəsində Denis Beçiroviçin xanımı Mirela Beçiroviç, Bosniya və Herseqovina dövləti başçısının müşaviri xanım Dzeneta Omerdiç və onları müşayiət edən nümayəndə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar.

SİA xəbər verir ki, bu barədə muzeydən məlumat verilib.

Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov qonaqlara muzeyin tarixi haqqında qısa məlumat verib. Həmçinin diqqətə çatdırıb ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu binada yerləşmiş, müstəqillik yolu buradan başlanmışdır.

Sonra akademik Rafael Hüseynov Ədəbiyyat Muzeyinin Azərbaycan xalqının təkcə söz sənətinin deyil, bütövlükdə ölkənin mədəniyyəti, mənəviyyatı və tarixini əks etdirən bir məkan olduğunu söyləyərək onları ekspozisiya ilə tanışlığa dəvət edib.

Ekspozisiya şöbəsinin müdiri Tomiris Babanlının təqdimatı ilə muzeylə tanış olan xanım Mirela Beçiroviç Azərbaycan ədəbiyyatının qədim dövrlərdən bu günə kimi keçdiyi şərəfli yolla tanışlığından məmnun qaldığını bildirib. Qonaq Azərbaycanın Məhsəti Gəncəvi kimi məşhur şairinin olması, onun öz zəmanəsində azadfikirliliyin carçılarından birinə çevrilməsi, Gəncədə qızlardan ibarət şairlər məclisi təsis etməsi haqda verilən məlumatları maraqla qarşılayıb. Məhz belə amillərin Azərbaycan xalqının hələ əsrlər öncə dünya xalqları arasında, həmçinin mədəniyyət aləmində aparıcı mövqe tutmasının göstəricisi olduğunu söyləyib.

Xanım Mirela Beçiroviç muzeyin rəylər və təəssüratlar kitabında qədim və rəngarəng Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində zövqlə, elmi dəqiqliklə təqdimindən razılığını ifadə edərək yazıb: “Qonaqpərvərliyiniz və maraqlı izahat üçün Sizə təşəkkür edirəm. Ümid edirəm ki, bir daha bura qayıdacağam”.

Sonda muzeyin direktoru akademik Rafael Hüseynov xanım Mirela Beçiroviçə ingilis dilində nəfis tərtib olunmuş, həmçinin müəllifi olduğu Nizami Gəncəvi və digər Azərbaycan ədəbiyyatı klassikləri haqqında kitablarını hədiyyə edib.