Gürcüstanın aparıcı informasiya portalları Azərbaycanda keçirilən COP29 beynəlxalq iqlim konfransı, bu mötəbər tədbirdə iştirak etmək üçün Bakıya səfər edən Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Prezident İlham Əliyevlə görüşü barədə silsilə materiallar dərc edib.
SİA xəbər verir ki, “Gaxa.ge” informasiya portalının Azərbaycan Dövlət İnformasiya Agentliyinə istinadla yaydığı materialda deyilir ki, dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu gün Bakıda işə başlayıb. Noyabrın 22-dək Bakı Stadionunda davam edəcək COP29 Azərbaycanın indiyə qədər təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
Materiallarda COP29-dan əsas gözləntinin iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarət olduğu qeyd edilir.
AZƏRTAC xəbər verir ki, informasiya portallarında COP29-da iştirak etmək üçün BMT, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, eləcə də bir çox ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfərə gəldikləri barədə məlumat verilir. Bildirilir ki, bu qədər yüksəkvəzifəli şəxslərin bu mötəbər tədbirdə iştirakı Azərbaycana olan etimadın və tədbirin yüksək səviyyədə təşkilinin bariz nümunəsidir.
“Resonancedaily.com” portalı Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşündən yazır. Bildirilir ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində keçirilən görüşdə tərəflər konfransda müzakirə olunacaq məsələləri və iki ölkənin strateji tərəfdaşlığını müzakirə ediblər. Onlar müxtəlif sahələrdə uğurlu əməkdaşlığın mövcudluğunu, regional əhəmiyyətli birgə layihələrin ölkələrin və regionun inkişafı üçün rolunu vurğulayıblar.
Gürcüstanın İctimai televiziyasında (1tv.ge) yayımlanan materiallarda İrakli Kobaxidzenin Prezident İlham Əliyevlə görüşü barədə məlumat verilir. İ.Kobaxidzenin Bakıda jurnalistlərə verdiyi müsahibə əsasında yayımlanan məlumatda deyilir: “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edirik. Bu gün cənab İlham Əliyevlə görüşmək imkanım olduğu üçün şadam. Görüşdə Gürcüstan-Azərbaycan münasibətlərindən, strateji tərəfdaşlıqdan, bizim iki ölkəni birləşdirən dostluq münasibətlərindən danışdıq. Bütün mövzularda olduqca mehriban və məhsuldar görüş keçirdik. Haqqında danışdığımız mühüm mövzulardan biri enerji və enerji təhlükəsizliyi, əlaqələndiricilik idi. Bizi bir-birimizə olduqca mühüm strateji layihələr bağlayır, həmçinin bu istiqamətdə, o cümlədən Orta Dəhliz təşəbbüsü çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birlikdə işləyirik. Əlbəttə, tərəfdaşlığımız daha da dərinləşəcək”.
Bundan başqa, “interpressnews.ge”, “aktual.ge”, “24news.ge”, “newsday.ge” və “realnews.ge” informasiya portalları da COP29 və konfrans çərçivəsində keçirilən görüşlər barədə məlumatlar yayıb.