Hazırda dünyanın diqqəti Azərbaycandadır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal miqyasda karbon emissiyasının azaldılmasına yönəlik əhəmiyyətli platformadır. Bu tədbir yalnız dövlət rəhbərləri və diplomatlar arasında deyil, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları (QHT) və müxtəlif sektorlardan mütəxəssislər arasında da geniş müzakirələrə yol açır. Xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə kənd təsərrüfatı, su idarəçiliyi və qida təhlükəsizliyi kimi əsas sahələrdə qeyri-hökumət təşkilatlarının rolu vacibdir.
SİA xəbər verir ki, bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.
O, qlobal karbon emissiyasının artdığını və bunun dünyanın üzləşdiyi ən ciddi fəlakətlərdən birinə çevrildiyini vurğulayıb. U.Mirzəyev Fondun COP29 çərçivəsində keçirdiyi “Böhranlı vəziyyətlərdə kənd təsərrüfatı, su idarəçiliyi və qida təhlükəsizliyinin həllində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda tədbirdən söz açıb. Bildirib ki, Avropa və Asiyadan ölkəmizə gələn mütəxəssislər qlobal iqlim böhranının təsirlərini azaltmaq üçün kənd təsərrüfatı və su idarəçiliyi sahəsində yenilikçi həllərini paylaşıblar, onlar bununla bağlı təcrübələrini bölüşüblər. BAMF-in prezidenti əlavə edib ki, Fondun konfrans çərçivəsində noyabrın 15-də baş tutacaq daha bir tədbirinin mövzusu isə sülhə və qlobal düzənin bərpasına həsr olunub.