Fələstin dövlət başçısı Mahmud Abbas Qəzza zolağında ikinci ''Nəkbə'' və tarixdə görünməmiş soyqırım törədildiyini deyib.
SİA xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin yaydığı məlumata görə, Mahmud Abbas Yasir Ərəfatın vəfatının 20-ci ildönümü münasibətilə bəyanat verib.
Fələstin xalqının çətin dövrdən keçdiyini qeyd edən Mahmud Abbas deyib:"Qəzzə zolağında ikinci ''Nəkbə'' yaşanır. Xalqımız tarixdə görünməmiş soyqırıma məruz qalır. Minlərlə insan ölür və yaralanır, hər yer dağıdılır, insanlar evsiz-eşiksiz qalır, xəstəlik və aclıqdan ölür".
İsrailin Qəzzanı yaşanmaz bir yerə çevirdiyini və Qəzzanın şimalında baş verənlərin bunun ən yaxşı sübutu olduğunu qeyd edən Mahmud Abbas İsraildəki ifrat sağçı hökumətin həyata keçirməyə çalışdığı planın uğurlu olmayacağını bildirib.
Mahmud Abbas qeyd edib ki, Fələstin xalqının mövcudluğu və Fələstin məsələsi aradan qaldırıla bilməz.