"Baş verən bütün hadisələrə daha çox münasibət bildirməliyik..."

11 Noyabr 2024 19:03 (UTC+04:00)

COP29-da təşkilatçılıq əladır. Buradakı təşkilatçılıq maddi-texniki, inzibati cəhətdən çox yüksək səviyyədədir.

SİA xəbər verir ki, bu sözləri açıqlamasında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Serbiyada kiçik və orta biznesi dəstəkləyən qabaqcıl inkişaf layihəsinin rəhbəri Aleksandr Pavloviç deyib.

“Tədbirin ev sahibi kimi Azərbaycan iqlim təşəbbüslərinə rəhbərlik etmək üçün mühüm rol oynayacaq. Qlobal münaqişələrdən tutmuş faktiki iqlim dəyişikliyinə qədər dünyada baş verən bütün hadisələrə daha çox münasibət bildirməliyik", - deyə A.Pavloviç qeyd edib.

Qeyd edək ki, noyabrın 11-22-də Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq. Əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. Bununla yanaşı, təşəbbüslərdən biri kimi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulur.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xatırladaq ki, Azərbaycan baza ili (1990-cı il) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.