"Azərbaycan konstitusiyası dövr dəyişdikcə təkmilləşməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

11 Noyabr 2024 10:10 (UTC+04:00)

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra görəcəyi əsas işlərdən biri müstəqil dövlətin konstitusiyasını hazırlamaq idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, bu iş 1995-ci ilin noyabrında həyata keçirildi: "Yaradılmış komissiya tərəfindən konstitusiya hazırlandı və referenduma təqdim olundu. 1995-ci ilin 12 noyabrında keçirilən referendumda konstitusiya qəbul olundu.

Konstitusiya Azərbaycanın əsas qanunu olmaqla dövlət, cəmiyyət həyatının bütün sahələrini, o cümlədən dövlət, idarəçilik formasını müəyyən etdi. Bu konstitusiyanın əsas müddəaları insan haqları, onun qorunması, Azərbaycanda yaşayan bütün insanların bərabərliyi, milli, dini kimliyindən asılı olmayaraq hər kəsin hüquqlarının qanun qarşısında bərabər olması müddəalarıdır. Bu konstitusiyaya qəbul olunduğu 29 ildə bir neçə dəfə dəyişikliklər edilib. Bunlar da ümumxalq səsverməsi vasitəsilə baş tutub. Azərbaycan konstitusiyası bu gün həm insan hüquq və azadlıqları, eyni zamanda sosial konstitusiyadır. Bu konstitusiya Azərbaycanın bütün vətəndaşlarını öz potensialını reallaşdırmaq, imkanlarını təqdim etmək üçün şərait yaradan konstitusiyadır. Azərbaycan konstitusiyası dövr dəyişdikcə təkmilləşməlidir".

"Qeyd etdiyimiz kimi artıq bir neçə dəfə konstitusiyada dəyişikliklər olunub. Konstitusiya təkmilləşdirilib. Bundan sonra da müasir dövrün şərtlərinə və standartlarına uyğun olaraq konstitusiyada dəyişikliklərə gedilə bilər. Bu da müzakirə olunan mövzulardandır. Yəni konstitusiya bizim dövlətimizin əsas qanunu olaraq bütün insanlarımızın hüquqlarını təmin edən və onların vəzifələrini müəyyən edən əsas sənəddir" - deyə o, əlavə edib.