Almaniyanın bir sıra media orqanları COP29-a dair məqalə və reportajlar yayımlayıb

11 Noyabr 2024 04:46 (UTC+04:00)

Almaniyanın bir sıra aparıcı media orqanları Bakının ev sahibliyi etdiyi COP29-u geniş işıqlandırıb. SİA xəbər verir ki, “Bild”, “ZDF Heute”, “Deutsche Welle”, “Tagesschau”, “Freitag”, “Sueddeutsche” və digər media qurumları Bakıda keçiriləcək dünya iqlim konfransına geniş yer ayırıb.

Məqalə və reportajlarda COP29-un hazırda dünyada geniş münaqişə və böhranların, ciddi iqlim dəyişmələrinin yaşandığı dövrdə keçirilməsi xüsusi vurğulanıb. Dünyanın 200-ə yaxın ölkəsindən 50 mindən çox alim və siyasətçinin bir araya gələrək qlobal istiləşmənin 1,5 dərəcənin altında saxlanması, iqlim dəyişmələrinə qarşı daha səmərəli mübarizənin aparılması ilə bağlı ciddi müzakirələr aparacağı qeyd edilib.

Xəbərlərdə bildirilib ki, qlobal iqlim dəyişmələrinə qarşı daha səmərəli mübarizənin aparılması məqsədilə COP29-da iqlim maliyyələşməsi məsələsi xüsusilə diqqət mərkəzində saxlanılacaq. Eləcə də iqlim dəyişmələri və ətraf mühit məsələlərinin dövlət siyasətində mühüm yer tutan Almaniyanın COP29-da əsas hədəfləri, həmçinin bu mötəbər tədbirdə dünya ictimaiyyətinin qarşısında duran yeni iqlim çağırışları və təhdidləri barədə ətraflı məlumat verilib.