Vətən müharibəsində Ordumuzun düşməni döyüş meydanında diz çökdürüb kapitulyasiya aktına qol çəkdirdiyi günün dördüncü ildönümündə “Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı, ictimaiyyət nümayəndələri və şəhid ailələrinin iştirakı ilə "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksinə gedən yolun kənarında Şəhidlər bağı salınıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
"Naxçıvan Qaziləri" İctimai Birliyinin sədr müavini Əli Əlisoy bildirib ki, bağda Birinci və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan igid naxçıvanlı Vətən oğullarının adına meyvə tingləri əkiləcək. Gələcəkdə Şəhidlər bağının meyvələri Vətənin keşikçiləri olan əsgərlərə göndəriləcək.
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri Mais Gülməmmədov, "Şərur Şəhid Ailələri" İctimai Birliyinin sədri, şəhid Zülal Mədətlinin atası Rəhim Mədətov dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan danışıblar.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov qazanılan tarixi zəfərdən, oğulların şücaətli döyüş yolundan söhbət açıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət nəticəsində güclənən ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq illərdir işğalda qalan torpaqlarımızı cəmi 44 gündə azad etdi. 10 noyabr xalqımızın tarixində xüsusi günlərdən birinə çevrildi. Məhz bu gün Ordumuz 44 günlük Zəfər yürüşünü qələbə ilə tamamladı. Düşmən diz çökdü və təslim aktına qol çəkdi.
Şəhid Şükür Hacıyevin anası Fatma Şükürlü aksiya təşkilatçılarına təşəkkür edib. Bildirib ki, Naxçıvan qaziləri hər zaman öz şəhid qardaşlarının xatirəsini uca tutur. Daim onları anır. Bugünkü ağacəkmə də bu tədbirlərin davamıdır.
"Naxçıvan Qaziləri" İctimai Birliyinin sədri, Vətən müharibəsi qazisi Ceyhun Bayramov qeyd edib ki, muxtar respublikanın bütün rayonlarında şəhidlərimizin xatirəsinə ağacəkmə aksiyaları keçirilib. Bu gün burada Naxçıvanın 1990-cı illərdən bu günə kimi şəhidlik zirvəsinə ucalan oğullarının hər birinin adına bir meyvə tingi əkilir. Bütün rayonlardan olan qəhrəmanların xatirəsi əbədiləşdirilir. Gələcəkdə bağın girişində şəhidlərin xatirəsinə bulaq -abidə kompleksi yaradılacaq.
Qeyd edək ki, aksiya çərçivəsində 500-ə yaxın ərik və gilas tingi əkilib.