Azərbaycanın Rusiyadakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib - FOTOLAR

9 Noyabr 2024 08:10 (UTC+04:00)

Azərbaycanın Rusiyadakı səfirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib. SİA xəbər verir ki, tədbirdə Türkiyə, Moldova, Belarus, Özbəkistan, Tacikistan, Qırğızıstan da daxil olmaqla müxtəlif ölkələrin səfirləri və hərbi-diplomatik korpusun üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, jurnalistlər, eləcə də soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycanın Rusiyadakı hərbi attaşesi Kənan Təhməzov açıb.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev çıxış edərək qeyd edib ki, Zəfər Günü hər bir azərbaycanlı üçün ən əziz bayramdır. “Bu Qələbəyə gedən yolumuz çox uzun oldu. Bu yol Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə başlayıb. Xarabalığa çevrilmiş, əraziləri işğal olunmuş, ordusu məğlub olmuş ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Heydər Əliyev ölkəni nəinki müstəqilliyini itirməkdən, həm də parçalanmaqdan xilas etdi”, -deyə diplomat bildirib.

R.Mustafayev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda gələcək Qələbəmiz üçün iqtisadi və enerji əsasının yaradılması prosesinə başlanılıb. Bu siyasət Zəfərə iqtisadi, diplomatik və hərbi hazırlıq kursunu müəyyən edən İlham Əliyev tərəfindən davam etdirildi.

Səfir qeyd edib: “Azərbaycan danışıqlar prosesindən sona qədər keçdi; ölkəmizin mövqeyi beynəlxalq hüquq normalarına əsaslanırdı. ATƏT-in Minsk qrupunun Qərb vasitəçiləri Azərbaycan Respublikasının suverenliyinin bərpasını və ərazilərinin işğaldan azad edilməsini deyil, sərhədlərimizin dəyişdirilməsini qarşılarına məqsəd qoyublar. Mən bunu xüsusilə Fransada işləyəndə aydın başa düşdüm. Minsk qrupunun fransalı həmsədri ilə sonuncu görüşüm zamanı mənə bildirdilər ki, onun gündəliyində Azərbaycanın suverenliyinin və sərhədlərinin bərpası kimi bir məsələ yoxdur. Açıq şəkildə vurğulanıb ki, dünya dəyişib, region dəyişib, biz öz məğlubiyyətimizi etiraf etməliyik, Cənubi Qafqazda yeni sərhədlərin formalaşdırılması zərurətindən çıxış etməliyik”.

Diplomatın sözlərinə görə, Fransa diplomatiyasının həmin mərhələdə təklif etdiyi məsələ bu gün regionumuzda həyata keçirilir - Avropa İttifaqının, mahiyyətcə NATO-nun missiyası fəaliyyət göstərir: “Əsas məqsəd regionun aparıcı ölkələri - Rusiya, Türkiyə və İranın sərhədində oyuncaq “Dağlıq Qarabağ” qurumunun yaradılması idi. Bütün bu vəzifələr həmin mərhələdə qarşıya qoyulmuşdu və Azərbaycan üçün böyük təhlükə yaradırdı”.

R.Musatafayev vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsində Qələbə çaldıqdan sonra münaqişə öz həllini tapsa da, münaqişədən sonrakı dövrün vəzifələri - işğaldan azad edilmiş ərazilərin bərpası və minalardan təmizlənməsi, itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi, sovet Ermənistanı ərazisindən qovulmuş həmvətənlərimizin problemləri hələ də qalmaqdadır: “Bu günün əsas mövzusu isə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması məsələsidir. Biz erməni qonşularımızla çox iş görmüşük, sülh sazişinin bir çox müddəaları razılaşdırılıb. Amma əsas məsələlər həll olunmamış qalır. Bu, Ermənistan Konstitusiyasında və onun bir sıra normativ sənədlərində Azərbaycanın suverenliyinə bilavasitə aid olan müddəaların olması faktıdır. Orada Qarabağla bağlı yazılanlar bizim üçün qətiyyən qəbuledilməzdir. Biz bu sənədlərə dəyişiklik təklif etdik və tələb etdik ki, finişə çataq və sülh sazişini imzalayaq. Bu prosesdə Rusiya ilə müttəfiq münasibətlərimizin böyük rolu var”, - deyə səfir bildirib.

R.Mustafayevin qeyd etdiyi kimi, Cənubi Qafqazda sülh və firavanlıq, qonşularla yaxşı münasibətlər Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləridir. “Biz “3+3” konsepsiyasını, regionun üç ölkəsinin - Azərbaycan, Ermənistan və Gürcüstanın, habelə üstəgəl 3 əsas qonşumuz olan Rusiya, Türkiyə və İranın qarşılıqlı fəaliyyətini təşviq edəcəyik. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq üzrə səylərimizi davam etdirəcəyik”, - deyə səfir əlavə edib.

Rusiya Federasiyasındakı Azərbaycan diasporunun nümayəndələri qarşısında çıxış edən səfir onları Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi prosesində fəal iştirak etməyə çağırıb.

Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.