“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər keçirib - FOTOLAR

9 Noyabr 2024 03:12 (UTC+04:00)

Çoxəsrlik tariximizin ən şərəfli və qürurlu səhifələrindən biri olan 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən silsilə tədbirlər həyata keçirilib. Təşkilatdan SİA-ya bildirilib ki, silsilə tədbirlər çərçivəsində Bakı və regionlarda “Qəhrəmanını tanı” layihəsi, Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclərin iştirakı ilə ”Könlüm Qarabağda, Könlüm Zəngəzurda” adlı düşərgə, Azərbaycan Texniki Universitetində “Zəfərin sədası” adlı musiqili ədəbi-bədii tədbir, Vətən müharibəsində və antiterror əməliyyatında ağır yaralanmış qazilərlə görüşlər, Birinci Fəxri xiyaban və İkinci Şəhidlər xiyabanına ziyarətlər təşkil olunub.

Tədbirlər planına əsasən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Zəfər Günü ərəfəsində Vətən müharibəsində iştirak etmiş qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq məqsədilə “Qəhrəmanını tanı” layihəsi icra olunub. Layihə çərçivəsində paytaxt və regionlarda yerləşən 10 ali təhsil müəssisəsində keçirilən görüşlərdə Qələbənin əldə olunmasında şücaət göstərmiş gənc qazilərimiz ümumilikdə 2000-dən çox tələbə gənclərlə bir araya gələrək onlara 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi rəşadət, xalq-ordu birliyi, müharibə ilə bağlı xatirələr, şəhid olmuş silahdaşlarının qəhrəmanlıqlarından və igidliklərindən bəhs ediblər, onları maraqlandıran sualları cavablandırıblar.

Silsilə tədbirlər çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Qarabağ və Şərqi Zəngəzur regionundan olan 65 nəfər gəncin iştirakı ilə Ağcabədi Olimpiya İdman Kompleksində 4 gün müddətində “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” adlı düşərgə təşkil olunub. Düşərgənin keçirilməsində əsas məqsəd Böyük Qayıdışa, Qarabağda və Şərqi Zəngəzurda dirçəlişə töhfə vermək istəyən gənclər arasında şəbəkələşməni təmin etmək, onların işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, eyni zamanda, gənclərin ideyalarını bir araya gətirərək təşəbbüskarlıqlarını artırmaq, müxtəlif təlim və görüşlər vasitəsilə onların şəxsi inkişafına dəstək olmaq və asudə vaxtlarını səmərəli təşkil etmək olub.

Tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA), “Böyük Qayıdış” Gənclər Təşkilatı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Zəfərin sədası” adlı musiqili ədəbi-bədii tədbir keçirilib. Tədbirdə vətənpərvərlik ruhunu əks etdirən rəqslər, gənc ifaçıların təsirli çıxışları və səhnə performansları iştirakçılara unudulmaz anlar yaşadıb. Kompozisiyalar vasitəsilə gənclərə Qələbə, milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik ruhu aşılanıb.

Tədbirlər planına uyğun olaraq paytaxt və regionlarda yaşayan ümumilikdə 20 nəfər Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatlarında ağır yaralanan, xüsusilə müalicəsi davam edən qazilər təşkilat nümayəndələri tərəfindən ziyarət olunub, onlara mənəvi dəstək göstərilib və müalicələrinə kömək məqsədilə yardımlar edilib.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində təşkilat nümayəndələri, qazilər, üzv və könüllü gənclər Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirib, daha sonra İkinci Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Tədbirlərin keçirilməsində əsas məqsəd Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbəni, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasının tarixi əhəmiyyətini, qalib Azərbaycan xalqının qələbədəki rolunu, igid hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələrini gənc nəslə ətraflı şəkildə çatdırmaqdan ibarət olub.