"ABŞ-ın Yaxın Şərqdə hazırkı kursunun davam etdirilməsi..." - ƏRDOĞAN

9 Noyabr 2024 03:46 (UTC+04:00)

“ABŞ-ın Cozef Bayden administrasiyası dövrünə aid Yaxın Şərqdəki kursunun davam etdirilməsi Türkiyənin yerləşdiyi bölgədə münaqişələrin yayılmasına səbəb ola bilər”. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini jurnalistlərə şərh edərkən bildirib.

Türkiyə lideri Ağ Evin seçilmiş rəhbəri Donald Trampın Yaxın Şərqdə eskalasiya dalğasını dayandırmaq vədlərini xatırladıb. “Ümid edirik ki, Donald Trampın ikinci prezidentlik müddəti regionumuzda uzunmüddətli sülh və sabitliyin qurulmasına kömək edəcək. Türkiyə də bu məqsədin lehinə çıxış edir”, - deyə dövlət başçısı vurğulayıb.

Siyasətçi xəbərdarlıq edib ki, Cozef Bayden administrasiyasının siyasəti davam etdirilərsə, Yaxın Şərqdə həll olunmamış fikir ayrılıqları problemi daha da dərinləşəcək və bu, münaqişələrin sərhədlərini genişləndirəcək.

Ərdoğanın fikrincə, Vaşinqtonun regiona silah tədarükünün dayandırılması barədə qərarı bu istiqamətdə yaxşı başlanğıc olardı.

“Trampın prezidentliyi Yaxın Şərqdə həm siyasi, həm də hərbi güc balansına ciddi təsir göstərəcək. Münaqişələrin yayılması və yeni kütləvi cinayətlər bütün tərəflərə ziyan vuracaq”, - deyə Türkiyə lideri bildirib.

Trampın qələbəsi mövzusuna qayıdan Ərdoğan ABŞ-da onun uğuruna yalnız bir neçəsinin inandığını xatırladıb. “İstisna İlon Mask idi. Trampa təbrik üçün zəng etdiyim zaman Mask Ağ Evin seçilmiş rəhbərinin yanında idi”, - deyən siyasətçi Donald Trampı Türkiyəyə dəvət etdiyini bildirib.