Türkiyə öz adına siyasət və strategiya yaradır

8 Noyabr 2024 18:57 (UTC+04:00)

Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun ölkənin son 22 ildə öz adına siyasət və strategiya yaratmağa başladığını söylədi. SİA-nın məlumatına görə, o, İstanbulda keçirilən “Qaçış Yoxdur” adlı sərginin açılışı, “21-ci əsrdə Türkiyenin mədəniyyət hərəkatı” simpoziumu və kitabının təqdimat mərasimində iştirak edib.

Altun Türkiyənin son 22 ildə böyük sınaqlardan keçdiyini və eyni zamanda nəhəng irəliləyişlərə nail olduğunu vurğulayaraq terror təşkilatları və onlara himayədarlıq edən beynəlxalq qüvvələrlə hesablaşdığını və artıq öz adına siyasət və strategiya hazırladığını qeyd etdi. Bu müddət ərzində Türkiyənin daha azad və rifahlı hala gəldiyini bildirdi. Türkiyədə yaranan mədəni mənsubiyyətin təkcə İslam coğrafiyası üçün deyil, bütün Qərb xarici cəmiyyətlər üçün də ilham mənbəyi olduğunu vurğulayaraq bu müddət ərzində ölkənin hərtərəfli diplomatiya fəaliyyətlərinin də böyük töhfə verdiyini qeyd etdi.

Mədəniyyət diplomatiyasının əhəmiyyətinə toxunan Fəxrəddin Altun Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Yunus Əmrə İnstitutu, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB), Türkiyə Radio Televiziya Qurumu (TRT) və Anadolu Agentliyinin (AA) mədəniyyət hərəkatına böyük töhfə verdiyini bildirdi. O, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən təşkil olunan “Qaçış Yoxdur” sərgisinin açılışını Mədəniyyət və turizm Naziri Mehmet Nuri Ərsoy və İstanbul İcra Hakimiyyəti başçısı Davud Gül ilə birlikdə həyata keçirdi. Açılışdan sonra sərgini gəzən Altun əsərlər haqqında məlumat aldı. Sərgidə ABŞ-dan geri qaytarılan Kibele heykəli, qırmızı muncuqlu qızıl boyunbağı, İngiltərədən qaytarılan dik ağızlı qab və Qurani-Kərim kimi əsərlər nümayiş etdirilir.