Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Sarayevo şəhərində yerləşən Dostluq parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə tədbir keçirib. SİA xəbər verir ki, tədbirdə səfirliyimizin kollektivi, Türkiyənin Bosniya və Herseqovinadakı səfiri və səfirliyin əməkdaşları, Sarayevoda təhsil alan azərbaycanlı tələbələr, həmçinin “Anadolu Agentliyi”nin Balkan regional ofisinin rəhbəri və nümayəndələri iştirak ediblər.
Nümayəndə heyətləri Dostluq parkında ucaldılmış abidənin önünə əklil qoyub və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə canlarından keçmiş Azərbaycan hərbçilərinin xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Zəfər Gününün Azərbaycanın müasir tarixindəki yerindən bəhs edərək, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun xalqımıza qarşı 30 ilə yaxın davam edən, dünya birliyinin də göz yumduğu tarixi ədalətsizliyə son qoyduğunu və bu zəfərin xalqımızın tarix yaddaşına qürurla həkk olunduğunu vurğulayıb. Səfir qazanılan Zəfərin davamı olaraq, Ermənistanın işğal dövründə viran qoyduğu torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, el-obalarına qayıdan azərbaycanlıların sayının günü-gündən artığını qeyd edib.
8 Noyabr - Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Sarayevonun mərkəzində vacib kəsişmə nöqtələrindən olan və Bosniya və Herseqovina Parlament Assambleyası ilə üzbəüz “ALTA” ticarət mərkəzinin fasadındakı rəqəmsal media lövhəsində bu əlamətdar günlər barədə məlumat yerləşdirilib.