Noyabrın 8-də Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, UNİCEF və İsveçrə səfirliyi ilə birlikdə "Sağlam Gələcək üçün Gənclər" (Y4HF) adlı fləş-mob keçirilib. SİA xəbər verir ki, Azərbaycanın Olimpiya mükafatçıları və dünya çempionlarının iştirakı ilə COP29 çərçivəsində reallaşan tədbir Abşeron Milli Parkında təşkil olunub.
Fləş-mobdan əvvəl rəsmi açılış mərasimi baş tutub.
Gənclər və idman naziri Fərid Qayıbov tədbirin su problemləri və sağlam həyat tərzinə həsr olunduğunu diqqətə çatdırıb. O, belə tədbirlər sayəsində iqlim dəyişikliyinin qarşısının alınacağına inam ifadə edib.
İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli isə COP29 çərçivəsində keçirilən fləş-mobda iştirak etməyin onun üçün böyük şərəf olduğunu deyib.
UNİCEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdulla, Anqolanın idman nazirinin müavini Paulo Rodriqes da Silva və "1 Milyon Gənc Hərəkatı Çağırışı"nın (1MYAC) İsveçrə səfiri Marta Zaraqoza Navarro Bakıda olmaqdan məmnunluqlarını dilə gətirib, Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə inandıqlarını söyləyiblər.
Fləş-mobda "UNİCEF Azərbaycan" ilə Gənclər və İdman Nazirliyi tərəfindən təlim keçmiş bir çox “Gənc İqlim Elçiləri” və 50-dən çox idmançı iştirak edib. İdmançılar açıq havada idmanla məşğul olmağın əhvali-ruhiyyəni artırdığını və stresi azaltdığını vurğulayaraq, insanları sağlam həyat tərzinə səsləyiblər.
Qeyd edək ki, tədbirin məqsədi Xəzər dənizinin sahilində iqlimlə bağlı məlumatlılıq yaratmaq və suyun həyat üçün əhəmiyyətini vurğulamaqla yanaşı, gələcək nəsillər üçün su ehtiyatlarının qorunmasının vacibliyinə diqqəti yönəltməkdir. Bu layihə "UNİCEF Azərbaycan", Azərbaycan Gənclər və İdman Nazirliyi və İsveçrə rəsmi qurumları (İsveçrə səfirliyi, İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC), Présence Suisse) və Beynəlxalq Su Katibliyi ilə "1 Milyon Gənc Hərəkatı Çağırışı" (1MYAC) vasitəsilə yaradılıb.