Noyabrın 8-də respublikanın bütün ərazilərində olduğu kimi Zəfər Günü Lənkəranda da böyük coşqu ilə yüksək əhval-ruhiyyədə qeyd olunur. Səhər saatlarında Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov,yerli icra aparatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyətin çoxsaylı nümayəndələri Şəhidlər Xatirə Abidə-Kompleksini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
İca başçısı şəhid ailələrin üzvləri və yerli ictimaiyyətin nümayəndələri ilə söhbət edib, onları Zəfər Günü münasibəti ilə təbrik edib. Taleh Qaraşov Zəfərə görə hər şeydən əvvəl şəhidlərimizə və ordumuza minnətdar olduğumuzu vurğulayıb. İcra başçısı “Dəmir Yumruq” ətrafında birləşən xalqımızın, igid övladlarımızın sayəsində dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edib.
Şəhid ailələrin üzvləri də dövlətin qayğısını daim hiss etdiklərini vurğulayıblar, cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra Lənkəran Dövlət Dram Teatrında “Şəhid Bayrağı” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. TamaşadaVətən müharibəsində 44 gün ərzində qazanılmış böyük Zəfərimizin qəhrəmanlıq dastanı kimi təqdim olunur və İkinci Qarabağ müharibəsində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əks edilir.
Qeyd edək ki, 8 Noyabr- Zəfər Günü ilə bağlı respublikanın bütün ərazilərində olduğu kimi Lənkəranda da silsilə tədbirlər, o cümlədən viktorinalar, bilik yarışları, rəsm sərgiləri, idman turnirləri, elmi konfranslar, müsabiqələr, sərgilər, flaşmoblar keçirilib.
Zəfər Günü” ilə bağlı silsilə tədbirlərin yekunu kimi axşam saatlarında Heydər Əliyev Xatirə Parkında açıq havada tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı və atəşfəşanlıq təşkil ediləcəkdir.
Bayramınız mübarək!
Sərraf Talıbov