Vətən müharibəsi bütün dünya azərbaycanlılarının haqq savaşı idi - FOTO

8 Noyabr 2024 15:58 (UTC+04:00)

Azərbaycanın Çindəki səfirliyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, səfirliyin əməkdaşlarının, bu ölkədə yaşayan və işləyən həmvətənlərimizin, Azərbaycanın müxtəlif qurumlarının Çindəki nümayəndələrinin iştirak etdikləri tədbirdə 44 günlük Vətən müharibəsində Qələbənin rəmzinə çevrilmiş “Xarıbülbül” barelyefinin önünə gül dəstələri qoyulub, Dövlət Himnimiz səsləndirilib.

Ölkəmizin Çindəki hərbi attaşesi Teyfur Rüstəmov Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin keçmiş təmas xətti boyu genişmiqyaslı təxribatlarına cavab olaraq başladığı və 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı sayəsində Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi, ərazi bütövlüyümüz və suverenliyimizin təmin olunması ilə nəticələndiyini, bununla da Azərbaycan tarixinə yeni bir şanlı səhifə - Zəfərlə başa çatan Vətən müharibəsinin daxil olduğunu bildirib.

Vurğulanıb ki, Vətən müharibəsi dəmir yumruq kimi birləşən Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının haqq savaşı idi.

Hərbi attaşe bildirib ki, istər Vətən müharibəsində, istərsə də 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərində şəxsi heyət yüksək döyüş ruhu, qələbə əzmi, mənəvi-psixoloji hazırlıq və peşəkarlıq nümayiş etdirib. Məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin daim inkişaf etdirdiyi ordu quruculuğu siyasəti sayəsində qüdrətlənən müasir Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu.

Teyfur Rüstəmov hazırda Azərbaycan Ordusunun dünya orduları sırasında yüksək yer tutan, ölkəmizə qarşı təhdidləri dəf etməyə, ərazi bütövlüyünün silahlı müdafiəsini əzmlə təmin etməyə tam qadir olduğunu vurğulayıb.

Sonda Zəfər Gününə həsr olunan film nümayiş etdirilib.