"Qələbəmizin simvolu olan Şuşa döyüşlərini həmişə xatırlayırıq" - MÜNASİBƏT BİLDİRİLDİ

8 Noyabr 2024 15:08 (UTC+04:00)

"Tarixi 44 günlük Vətən müharibəsindən dörd il keçməsinə baxmayaraq hələ də o günləri xatırlayanda həmin hissləri bu günkü kimi yaşayırıq. Sanki hələ də o günlərin abu-havasındayıq". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov deyib.

O bildirib ki, bu tarixlərdə biz Şuşa uğrunda gedən döyüşlərdə iştirak edirdik: "Azərbaycan oğulları Şuşa uğrunda döyüşürdülər. Orada xüsusi, daha emosional, spesifik abu-hava var idi. Bütün döyüş əməliyyatları zamanı ən emosional döyüşlərdən biri kimi Şuşa döyüşləri də eynən bu qaydada idi. Çünki burada Azərbaycan oğulları bütün var gücləri ilə hədəfə doğru irəliləyirdilər. Silahı olmayan süngüsü ilə, süngüsü olmayan yalın əlləri ilə düşmən üzərinə atılırdı.

Vətən müharibəsində Azərbaycan oğulları hər döyüşdə, hər addımda öz şücaətlərini göstərdilər. Onlar arxalarına baxmadan, həyatlarını, canlarını heçə sayaraq şanlı Azərbaycan bayrağının bütün rayonlarda, ərazilərimizdə dalğalanması üçün canlarını fəda etməyə hər an hazır idilər. Vətənpərvərlik də bu deməkdir. Təkcə Vətənə sevgi demək deyil. Torpaq uğrunda can fəda etməyə hazır olmağın tək simvoludur. Bizim bütün Vətən torpaqları şəhidlərin qanı ilə suvarılıb. Onlar Azərbaycan tarixinin ən parlaq səhifələrini yazanlardır.

Vətən müharibəsinin bütün döyüşləri bu günkü kimi hələ də mənim üçün olduğu qədər Azərbaycan oğullarının xatirində hər zaman yaşayacaqdır. Hesab edirəm ki, o anların emosional yükünü həmişə ömürlərinin sonuna qədər daşıyacaqlar".

Qələbəmizin simvolu olan Şuşa döyüşlərini həmişə xatırlayırıq. O alınmaz qalanın uğrunda Azərbaycan oğlanları dişləri, dırnaqları ilə qayaları qalxaraq üçrəngli bayrağımızı Şuşada ucaltdılar. Bu qələbə ilə Azərbaycan xalqı öz şanlı tarixini yenilədi. Pənahəli xanın bizə miras qoyduğu Şuşa qalasını özümüzə sipər edərək düşmən hücumlarının qarşısını aldıq.

Ən emosional hisslərdən biri də odur ki, biz Qarabağa gedəndə öz el-obamıza gedirmiş kimi hiss edirdik. Heç vaxt görmədiyimiz elimizdə, obamızda döyüşürdük. Ona görə müdafiə etdiyimizi bütün varlığımızla hiss edirdik. Azərbaycan oğullarının qəhrəmanlıq salnaməsinin yazılmasının əsas səbəbi bu idi. Vətən, Vətən, yenə də Vətən!" - deyə o, əlavə edib.