Sumqayıtda 8 Noyabr - Zəfər Günü qeyd olunub

8 Noyabr 2024 11:38 (UTC+04:00)

Sumqayıt Şəhidlər xiyabanında 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi birdəqiqəlik sükütla yad edilib.

Vurğulanıb ki, bu gün ölkənin tarixində ən şərəfli, ən əlamətdar bir gündür. İkinci Qarabağ müharibəsində qazanılan böyük qələbə xalqın yenilməzliyinin, dövlətin qüdrətinin təntənəsi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordu 44 gün davam edən Vətən müharibəsində tarixin möhtəşəm salnaməsini yaratdı. Vətən müharibəsi işğal altında olan torpaqların azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqq uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu zəfərlə rəşadətli ordu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistanın 30 illik işğalına son qoydu, məğlubiyyət damğasını xalqın üzərindən götürdü. Torpaqları azad etməklə həm də bütün dünyada qalib dövlət, qalib xalq kimi tanındıq. Xalqın intizarında olduğu bu tarixi reallığın müəllifi Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Qeyd olunub ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Hərbçilər döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, torpaq uğrunda mübarizə necə olur. Hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı.

Sonra rədbir iştirakçıları Şəhidlər xiyabanındakı "Qalib əsgər" abidəsinin önünə əklil qoyub, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.