Almaniyada hökumət böhranı davam edir

7 Noyabr 2024 23:37 (UTC+04:00)

Almaniyanın maliyyə naziri, Azad Demokratik Partiyanın (FDP) koalisiyadan ayrılmasından sonra hökumət böhranı davam edir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Federal Prezident Frank-Valter Ştaynmayer FDP-nin hökumətdəki üzvləri maliyyə naziri Xristian Lindleri, təhsil naziri Bettina Stark-Vatsingeri və ədliyyə naziri Marko Buşmanı vəzifədən azad edib. FDP-nin digər nümayəndəsi, nəqliyyat naziri Volker Vissing isə partiyadan istefa verərək hökumətdə qalıb.

Maliyyə naziri vəzifəsinə Yörq Kukies təyin olunub. Yeni təyinata qədər hökumətdə müşavir vəzifəsində xidmət edən Y.Kukies parlamentdə and içərək vəzifələrinin icrasına başlayıb.

Ərzaq və kənd təsərrüfatı naziri Cem Özdemir (Yaşıllar partiyası) hökumətdə təhsil naziri vəzifəsini də icra edəcək. FDP-dən istefa verən nəqliyyat naziri V.Vissinq həm də maliyyə naziri kimi fəaliyyət göstərəcək.

Sosial Demokrat Partiyasını (SPD) təmsil edən Kansler Olaf Şolts FDP-nin ayrılmasından sonra fəaliyyəti Yaşıllar partiyası ilə davam etdirməyi, yanvarda isə parlamentdə etimad səsverməsi keçirməyi planlaşdırsa da, bu qərar müxalifətin sərt etirazı ilə qarşılanıb. Müxalifət partiyaları növbədənkənar parlament seçkilərinin təxirə salınmaması üçün etimad səsverməsinin yanvarda deyil, yaxın günlərdə keçirilməsini tələb edir.

SPD və Yaşıllar hazırkı situasiyada parlamentdə çoxluğu təşkil etmədiyi üçün etimad səsverməsində müxalifətin dəstəyinə ehtiyacı var. Olaf Şolts bu məqsədlə Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Merts ilə görüşsə də, müzakirələrdən istədiyi nəticəni ala bilməyib. F.Mertsin yaxın günlərdə etimad səsverməsinin keçirilməsi şərti ilə hökumət böhranının həllində müzakirələrə hazır olduğunu ifadə etdiyi bildirilir.

Qeyd edək ki, Almaniyada parlament seçkiləri gələn il sentyabrın 28-də nəzərdə tutulmuşdu.