İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?

7 Noyabr 2024 21:52 (UTC+04:00)

Noyabrın 11-22-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı İçərişəhər və Qala Qoruqlarında, şəhərin sakinləri və ziyarətçilər üçün zəngin və müxtəlif proqramlar təqdim ediləcək.

SİA xəbər verir ki, AZƏRTAC-ın sorğusuna cavab olaraq İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, Azərbaycan mədəniyyətinin və təbii irsinin simvolu olan bu məkanlarda keçirilən tədbirlər, həm iqlim dəyişikliklərinə diqqət çəkməyi, həm də ölkənin zəngin tarixi və mədəniyyətini tanıtmağı hədəfləyir.

Qız qalası – Bakının tarixi və memarlıq irsinin mərkəzi və onun sirləri

Bakı şəhərinin simvolu sayılan və UNESCO-nun Dünya İrs Siyahısında yer alan Qız qalası ziyarətçiləri burada qədim Bakının tarixi və əfsanələri barədə videolarla tanış ola, tarixi abidənin memarlıq sirləri və simvolizmi ilə əlaqədar xüsusi məlumatlarla tanış ola bilərlər. Ziyarətçilər həmçinin Qız qalasının sonuncu mərtəbəsindən şəhərin möhtəşəm panoramını izləyə bilərlər.

Şirvanşahlar Sarayı Kompleksi – Tarixi xəzinə və eko-sənət

İçərişəhərin digər UNESCO Dünya İrs Siyahısına daxil olan abidəsi - Şirvanşahlar Sarayı Kompleksi ziyarətçilərə tarix və mədəniyyətlə dolu bir təcrübə təqdim edir. Sarayda qədim şəhərin memarlıq incəsənətini öyrənməklə yanaşı, qədim zərgərlik və numizmatika nümunələrinin təqdim olunduğu “Xəzinə” muzey ekspozisiyasını da ziyarət etmək mümkündür. Bundan əlavə, Şirvanşahlar Sarayında noyabrın 12-dək "Qurama Art: Zamanın Vəhdi" adlı sərgi keçirilir. Bu sərgidə ənənəvi və rəqəmsal quramaların nümayişi ilə ekoloji problemlərə və dayanıqlı “eko-dost” qurama sənətinə dair müasir yanaşmalar təqdim edilməkdədir.

Bakı Fotoqrafiya Evi – Ekoloji İnstalyasiyalar

Bakı Fotoqrafiya Evi noyabrın 30-dək "Qurama Art: EKO İnstalyasiya" adlı sərgiyə ev sahibliyi edir. Sərgidə təqdim olunan instalyasiyalar vasitəsilə təbiətdəki tarazlıq və ahəng, ətraf mühitin mühafizəsi, sıfır tullantı yolu ilə yeni incəsənət nümunələrinin yaradılması, tarixi köklərimizin nümayişi, insanın həyata dair baxış fəlsəfəsini əhatə edən bir çox aspektlərə toxunulur.

Yeraltı Hamam və Bəylər Məscidi

Yeraltı Hamam və Bəylər Məscidi də COP29 çərçivəsində açıq olacaq və ziyarətçilərə bu tarixi abidələr haqqında ətraflı məlumat veriləcək. Hər iki məkan, İçərişəhərin qədim dövrlərindən bu günə qədər qorunan mədəniyyət nümunələri ilə zəngindir.

Tahir Salahovun ev-muzeyi – Əsərlərdə təbiət və iqlim dəyişiklikləri

Tahir Salahovun ev-muzeyi 7-26 noyabr tarixləri arasında sənətsevərlərə məşhur rəssamın üç fərqli sərgisi ilə ev sahibliyi edəcək: “Güllər” (7-13 noyabr), “Abşeron Motivləri” (13-19 noyabr), “Neft” (19-26 noyabr).

Marionet teatrı – əbədi “Leyli və Məcnun” sevgi hekayəsi

Marionet Teatrı noyabrın 16-23-də məşhur “Leyli və Məcnun” tamaşasını təqdim edəcək. Bu tamaşa mədəniyyət və sənətin harmoniya içində necə birləşdiyini nümayiş etdirir.

Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi – İqlim və Təbiət Mövzusunda Mühazirə

Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində ziyarətçilər yazıçının həyatını, yaradıcılığını və onun ədəbiyyata verdiyi töhfələri daha yaxından tanımaq imkanı əldə edirlər.

Qala Qoruğu – “eko-dost” sənət növləri ilə bağlı sərgilər və ustad dərsləri

“Qurama Art: Zamanın Vəhdi” sərgisi 15-30 noyabr tarixlərində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda davam edəcək. Qoruğun ziyarətçiləri, həmçinin “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə, Qala Qəsrinə, Açıq Səma Altında Muzeyə və “Tullantıdan Sənətə” muzeyinə də baş çəkə, duluzçuluq, keçə sənəti kimi ətraf mühitin qayğısına qalan ustad dərslərində iştirak edə bilərlər.

İçərişəhər və Qala qoruğunda keçiriləcək bu tədbirlər COP29-a dəstək olaraq, həm Azərbaycanın zəngin mədəni irsini, həm də ekologiya və iqlim dəyişikliyi məsələlərində sənət və təbiətin əlaqəsini ön plana çıxarır. Ziyarətçilər bu unikallıqda mədəniyyətin və ekosistemin təzahürlərini həm öyrənə, həm də təbiətə dair daha dərin düşüncələrə dalacaqlar.