Dünya düzəninə təsir edəcək TRİUMF – TƏHLİL

7 Noyabr 2024 21:06 (UTC+04:00)

Donald Trampın seçkilərdə qələbəsi bütün dünyanın diqqətini cəlb etməyə bilməz. Bundan sonra nələr gözlənildiyi indi bütövlükdə dünya ictimaiyyətini əməlli-başlı düşündürür. Çünki Trampın yenidən prezident seçilməsi ilə dünya düzənində hadisələrin fərqli şəkildə cərəyan edəcəyi qənaətində olanlar kifayət qədərdir. Əslində, onun özü də bu barədə, yəni dəyişikliklərin olacağı barədə əvvəlcədən, hələ prezident seçilməmişdən öncə, namizəd olaraq mübarizəyə qoşulduğu dövrlərdə belə bəyan etmişdi. Rəqiblərinin readikal şəkildə apardığı mübarizəyə baxmayaraq, Trampın yenidən ölkəsinin rəhbəri seçilməsi, qalib olaraq hakimiyyətə qayıdışı hətta triumf belə adlandırıla bilər.

Trampın prezident seçkilərində qazandığı qələbəyə ayrı-ayrı ölkələrin münasibəti, fərqli yanaşması düşündürücüdür

Bəli, keçmiş prezident Donald Tramp bu seçkilərdə özünün qələbəsi ilə ABŞ-ın 47-ci prezidenti oldu. Onun qələbə ilə Ağ Evə yenidən qayıdışı həqiqətən bir triumf kimi görünür. Hər halda, rəqibləri, yəni Demokratlar özləri də bunu etiraf etmək məcburiyyətindədirlər. Respublikaçıların qələbəsini, Trampın parlaq qələbə, zəfər qazanaraq qayıdışını əlbəttə ki, heç də hamı eyni şəkildə qarşılamır. Dünyanın bir çox ölkələrində tamamilə fərqli yanaşmalar müşahidə edilir. Hətta fərqli yanaşmaların olacağı əvvəlcədən də bəlli idi. Demokratların öz rəqiblərinin qələbəsini necə qarşılayacaqlarını, daha dəqiq və yumşaq şəkildə desək, buna sevinməyəcəklərini əvvəlcədən hamı bilirdi. Əslində, bunu başa düşmək də çətin deyildi, ona görə ki, lap əvvəldən rəqib olduqları hər kəsə bəllidir və mübarizələrini də qeyri-adı saymaq olmaz. Lakin başqalarının, məsələn, ayrı-ayrı ölkələrin münasibəti, fərqli yanaşması düşündürücüdür. Həqiqətən də görəsən, niyə ABŞ-da keçirilən prezident seçkilərində Trampın qələbə qazanması bir çox ölkələrdə qıcıq doğurub? Buna səbəb nə ola bilər?

Müxtəlif və fərqli rakursda yanaşıldıqda görürük ki, artıq Co Bayden ilə, yəni, ABŞ-ın əvvəlki prezidenti ilə güclə bir yol tapan ölkələr indi təlaş içindədirlər. Bunu başa düşmək də çətin deyil. Hər halda nə fransızlar, nə ingilislər, nə ispanlar və nə də digərləri heç də münasibətlərin əvvəlki kimi davam edilməyəcəyindən sığortalanmayıblar. Daha dəqiq desək, istənilən Avropa ölkəsi əmin deyil ki, Amerika ilə münasibətləri olduğu kimi davam edəcək. Bir sözlə, ABŞ özünün yeni prezidentini seçsə də, seçkilərin qalibi müəyyən edilsə də, bir çox ölkələr hələ də ABŞ kimi nəhəng bir ölkə ilə münasibətlərinin hansı halda, hansı səviyyədə olacağını, mövqelərinin uyğun gəlib-gəlməyəcəyini müəyyən etməkdə çətinlik çəkirlər. Xüsusən də dünyanın ən nəhəng ölkəsinin yeni seçilmiş prezidenti tamamilə fərqli siyasət yürüdəcəyini əvvəlcədən bəyan etməsi fonunda belə bir qeyri-müəyyənlik başadüşüləndir.

Amerikada keçirilən prezident seçkilərinin nəticələrinə Ermənistanın daxili siyasi arenasında bədbin münasibət var

Maraqlıdır, görəsən Ermənistanın daxili siyasi arenası Trampın prezident seçilməsi xəbərini necə qarşılayıb? Ümumiyyətlə, onun Ağ Evə yenidən dönüşü, özü qələbə ilə dönüşü, triumf dediyimiz qayıdışı ermənilərə necə təsir edib? Sözsüz ki, fikirlər fərqli ola bilər, amma hayların əksəriyyəti Donaldın bu qələbəsini Ermənistan üçün heç də arzuolunan saymır. Əlbəttə, bunun səbəbləri var və heç də bu xəbəri, onun yenidən qələbə ilə qayıdışı xəbərini Ermənistanın sevinclə qarşılamaması əbəs yerə deyil. Əvvəla, ona görə ki, ermənilər Donald Trampın yox, Co Baydenin “qılığına girə bildikləri üçün” bu vaxta qədər belə demək mümkünsə, bir qədər rahat idilər. Hətta haylar vaxtaşırı Baydenin “sakqızını oğurlayıb” pul, vəsait də qopara bilirdilər, amma Trampı “yola gətirməyin” mümkün olmayacağını indidən başa düşürlər. Başa düşürlər ki, bundan sonra Trampın onlara hansısa mənada, hansısa müstəvidə güzəştə gedəcəyi ən azından hələlik inandırıcı görünmür.

Hər halda, Tramp hakimiyyətə ermənilərin nazı ilə oynamaq üçün gəlməyib və bunu haylar hamıdan yaxşı bilirlər. Bilirlər ki, Amerikada kifayət qədər özlərinə yer edən, hadisələrə təsir etmək, ən azından “suyu bulandırmaq” imkanına sahib olan erməni lobbisinin, erməni diasporunun olması fonunda əgər Donald Tramp heç seçki kompaniyası dövründə, yaxud, ondan da əvvəl ermənilərə hansısa vəd verməyibsə, erməni təəssübkeşliyini nümayişkəranə şəkildə etməyibsə, deməli, seçildikdən sonra qətiyyən bunu etmək marağında olmayacaq. Haylar yaxşı başa düşürlər ki, qalib gələrək, triumf edərək, Ağ Evə qayıdan Trampa onlar bundan sonra ümumiyyətlə “minnət qoya” bilməzlər. Məsələn, erməni əsilli politoloq Suren Sarkisyan açıq şəkildə bildirir ki, Vaşinqtonun rəsmi İrəvanla münasibətlərində, Baydenin prezidentliyi dövründən fərqli olaraq, artıq bundan sonra müəyyən passivlik olacaq. Yəni, bu politoloq əmindir ki, münasibətlər heç də bundan sonra əvvəlki kimi olmayacaq. Bununla yanaşı, erməni əsilli politoloq Stepan Danielyan isə qeyd edir ki, Gürcüstan və Azərbaycan hakimiyyəti Trampa ümid bağlayır. Onun sözlərinə görə “Mülki müqavilə” partiyası, yəni, Ermənistan hakimiyyəti hələ də axmaqcasına demokratlara ümid bəsləyir. İslahatçılar partiyasının sədri Vahan Babayan isə açıq şəkildə vurğulayır ki, Donald Tramp geri döndükdən sonra, yəni belə bir triumfdan sonra haylar artıq heç nəyi dəyişə bilməzlər. Deməli, ermənilərin “başbilənləri” yaxşı bilirlər ki, tamamilə fərqli bir mənzərə ilə qarşılaşacaqlar və bu onların qane dəcək mənzərə olmayacaq.

Donald Trampın Ağ Evə qələbə ilə qayıdışı dünya düzəninə təsirsiz ötüşməyəcək

Bəli, Trampın qələbəsi, triumfu haylar üçün, bütövlükdə Ermənistan üçün arzuolunmaz sayıla və hətta ola da bilər. Amma heç də dünyanın bütün ölkləri və xüsusən də region ölkləri üçün eyni qəbul edilmir. Məsələn, bu vaxta qədər Co Baydenə “güvənən” Makron üçün də Donaldın Ağ Evə qalib olaraq dönüşü xoş olmaya bilər, bəzi işğalçı ölkənin özü kimi, dəstəkləyənləri üçün də arzuolunmaz sayıla bilər. Amma onun dönüşü, qayıdışı bütün dövlətlər, bütün bölgələr üçün eyni şəkildə görülmür. Qeyd edək ki, ukraynalılar Trampın hakimiyyətə qayıdışı ilə müharibənin başa çatacağına böyük ümid bəsləyirlər. Çünki buna ABŞ-ın yeni prezidenti lap əvvəlcədən söz vermişdi. Əslində, həqiqətən də əgər Tramp bunu edə bilsə, onu tərif etməyə belə dəyər. Hər halda, bu vaxta qədər davam edən və bitəcəyi bəlli olmayan, özü də miqyası bilinməyən itgilərə, tələdfatlara səbəb olan bir müharibəni dayandırmaq özü “böyük işdir”. Lap elə amerikalılar özləri də müharibələrdən, yardım ayırmaqdan, hansısa müstəvidə qarışıqlıqlardan beziblər və bundan sonra fərqli mənzərəni görmək arzusundadırlar. Əlbəttə ki, bunun fonunda əgər Donald Tramp dediyini gerçəkləşdirə bilsə, bu çox yüksək qarşılanacaq.

Lap elə Cənubi Qafqaz üçün də kifayət qədər təsirli olacağı qənaətində olanlar olduqca çoxdur. Hər kəs yaxşı bilir ki, Tramp nə qədər pis olsa belə region ölkələri üçün Bayden qədər “dağıdıcı” olmayacaq. Ən azından müharibələrə son qoymaq vədi ilə siyasi arenaya atılan birinin öz nüfuzunu itirməməsi üçün dediyinə əmək edəcəyi, sülh üçün çalışacağı daha məntiqli görünür. Hər halda zaman göstərəcək bununla bağlı reallıqları. Amma ən azından, əgər Tramp məhz Baydenin yolunu getməyəcəksə, bu özü də dünya üçün, başda da bizim regionumuz üçün daha yaxşı haldır. Əgər Tramp vəd edibsə ki, fərqli yanaşacaq, deməli, fərqli də gözləntilərə ümid etməyə dəyər. İstənilən halda bu o deməkdir ki, Donald Trampın Ağ Evə qələbə ilə qayıdışı, müşahidə edilən triumf dünya düzəninə təsirsiz ötüşməyəcək.