“Ölkəmizin gələcəyini təhdid edəcək planlara əsla icazə verməyəcəyik”

7 Noyabr 2024 18:57 (UTC+04:00)

Türkiyəni Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır hava müdafiə sistemi olan “Polad Günbəz”i (Çelik Kubbe) sürətlə tamamlayacaqlarını bildirdi. SİA-nın əldə etdiyi məlumata görə, o, Türkiyə Böyük Millət Məclisi (TBMM) Planlaşdırma və Büdcə Komissiyasında nazirliyi və ona bağlı qurumların 2025-ci il büdcəsinə dair təqdimat etdi.

Beynəlxalq bazarın regional münaqişələr və qlobal ticarətdə proteksionist tədbirlərin təsiri altında olduğunu bildirən Kaçır mövcud çətinliklərə baxmayaraq Türkiyənin 16 rübdür iqtisadi olaraq böyüməyi davam etdirdiyini vurğuladı. Nazir sənaye istehsal indeksinin pandemiyadan əvvəlki dövrlə müqayisədə Almaniyada 10,3, İtaliyada 6,1, Fransada 3 və İspaniyada 1,4 faiz aşağı səviyyədə olduğu halda Türkiyədə 19,7 səviyyələrində artdığını diqqətə çatdırdı. Müdafiə və aviasiya sənayesində ixracatın 17,8, polad sənayesində 8,8, avtomobil sənayesində 6,4 və kimya məhsullarında 2,5 faiz artdığını vurğulayan M.F.Kaçır bu uğurun son 22 ildə əldə etdikləri nailiyyətlərin nəticəsi olduğunu söylədi.

Ölkə üçün təhlükəsizlik qalxanı rolunu oynayacaq, müxtəlif yüksəklik və məsafələrdəki hava təhdidlərinə qarşı müdafiə təmin edəcək “Polad Günbəz” hava müdafiə sisteminin inkişafını sürətlə tamamlayacaqlarını ifadə edən Mehmet Fatih Kaçır “Uzun mənzilli raket inkişaf etdirmə qabiliyyətlərimizi daha da irəli səviyyələrə yüksəldəcəyik. Ölkəmizin gələcəyini təhdid edəcək planlara əsla icazə verməyəcəyik” dedi.