"Valideyn məsuliyyəti bir çox məqamları özündə birləşdirir" - MÜNASİBƏT BİLDİRİLDİ

7 Noyabr 2024 17:06 (UTC+04:00)

"Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49-cu maddəsinin 49.2-ci yarımbəndinə əsasən “Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir”. Eləcə də, valideynlər də öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər". Bu sözləri SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva deyib.

O bildirib ki, valideynlik vəzifəsi sevgi, mərhəmət, qayğı, səbr, empatiya və s. bu tipli hissləri insanın özündə birləşdirməsini vacib edir: "Belə ki, valideynlik böyük məsuliyyətdir. İlk növbədə ata və analar öz övladları qarşısında, daha sonra isə böyüdüb, tərbiyə etdikləri uşaq üçün cəmiyyət qarşısında böyük məsuliyyət daşıyırlar.

Uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində hər iki valideynin rolu önəmlidir. Bu məsələdə məsuliyyətin bərabər bölüşülməsi həm valideynlərin özü, həm də uşaqlar üçün olduqca vacibdir.

Beynəlxalq təcrübədə valideyn məsuliyyəti kimi ən mühüm vəzifələr sırasına uşağın yaşayış və xoşbəxt həyatının təmin edilməsi, onun saxlanılması və müdafiə edilməsi nəzərdə tutulur. Bundan başqa, bu məsuliyyətlər sırasına uşağın tərbiyəsi, təhsili, sağlamlığı və müalicəsi daxildir. Valideynlərin uşaqla ünsiyyət və düzgün davranış hallarının qurulması, onların bu isitqamətdə məlumatlandırılması və maarifləndirilməsi, hər kəsin qanunla üzərinə düşən məsuliyyətini anlaması istiqamətində fəaliyyətlərin artırılması önəmlidir. Hər bir valideyn yaşadığı dövlətdə onun üzərinə qanunla düşən məsuliyyəti və vəzifələri anlamalı və buna uyğun addımlar atmalıdır. Yaşadığımız dövr və cəmiyyətdə valideyn məsuliyyətindən, həmçinin ailədə valideyn-uşaq münasibətlərinin düzgün qurulmamasından yaranan və bu diqqətsizlik və məsuliyyətsizlik səbəbindən uşaq hüquqlarının pozulmasına gətirib çıxaran bir sıra hallara rast gəlinir. Təbii ki, cəmiyyətdə bu istiqamətdə baş verən hadisələr narahatlıqla qarşılanır və təəssüf doğurur. Təbiidir ki, bu zaman cəmiyyətdə geniş müzakirələr açılır və hər birimiz bu məsələdə kimin məsuliyyət daşıdığını araşdırmağa başlayırıq.

Ümumiyyətlə valideyn məsuliyyəti bir çox məqamları özündə birləşdirir. Valideynlər uşaqlarının yaşından asılı olaraq fərqli məqamlara olduqca diqqətlə yanaşmalı, iş proseslərinin çətin və yorucu olmasına baxmayaraq övladlarını heç bir zaman ikinci hətta üçüncü plana atmamalı, mümkün olduğu qədər övladları ilə ünsiyyətə girməli, övladlarının maksimum təhlükəsiz mühitdə yaşamaları üçün əllərindən gələni etməlidirlər".

"Bəzi hallarda diqqətsizlik ucbatından xüsusilə erkən yaşlarda uşaqlarla bir çox bədbəxt hadisələr baş verir. Bu hadisələr barədə cəmiyyət üzvləri mediadan, sosial şəbəkələrdən məlumatlar əldə edirlər. Bu cür hadisələrin bədbəxt nəticələri bir daha valideynləri diqqətli olmağa təşviq etməlidir. Valideynlər cinsindən asılı olmayaraq dünyaya gətirdikləri hər bir uşağın yaşayışı üçün ciddi məsuliyyət daşıyırlar. Bu məsuliyyəti başqa heç bir vəzifə, işlə qarışdırmaq olmaz. Uşaqlara qarşı biganəlik, hətta bəzən valideynlik hüququndan sui-istifadə edilməsi təkcə həmin uşağa, həmin ailəyə deyil yaşadığımız cəmiyyətə zərər verə bilər. Heç gözlənilməyən anda atılan yanlış addım, gələcəkdə uşağın həyatında mənfi anlamda ciddi yer tuta bilər. Odur ki, valideynlərə hər zaman övladları və cəmiyyət qarşısındakı məsuliyyətlərini unutmamağı tövsiyə edirik. Valideynlik övladlarınıza məhəbbət, nizam-intizam və təhsil vermək üçün məsuliyyət daşımaq, eyni zamanda onlara müstəqillik və özünü kəşf etmək imkanı vermək arasında tarazlıq yaratmağı tələb edir. Əsas olan ideal valideyn olmaq deyildir. Əsas olan övladına qarşı valideynlərin hər zaman sevgi və qayğı göstərməsi, hər zaman diqqətdə saxlamaları və hər bir halda onun yanında olduqlarını hiss etdirmələridir" - deyə o, əlavə edib.