Noyabrın 7-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq əməkdaşları Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün təmini uğurunda şəhid olmuş hərbçilərimizin dəfn olunduğu II Şəhidlər xiyabanını ziyarət edərək şəhadət zirvəsinə ucalmış şəhidlərimizin xatirələrini dərin ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar. Sonra Baş Prokurorluğun inzibati binasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdən əvvəl Baş Prokurorluğun rəhbərliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin büstü üzərinə gül dəstələri qoyulub.
Tədbir zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Baş prokuror Kamran Əliyev çıxışında prokurorluq əməkdaşlarını və xalqımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. K.Əliyev tariximizin şanlı səhifəsi olan bu qələbəyə aparan yolun əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb, daim Vətəninə bağlı olan və onun gələcəyini düşünən dahi dövlət xadimi, dünya səviyyəli siyasətçi Ulu Öndər Heydər Əliyevin ölkəmizin bu günləri üçün gördüyü işlərdən danışıb.
Qeyd olunub ki, Ulu Öndərin layiqli davamçısı, onun prinsip və siyasi kurslarına sadiq qalan Prezident İlham Əliyev tərəfindən Azərbaycan daha da inkişaf etdirilib və nəticədə beynəlxalq aləmdə aparıcı mövqeyə, iqtisadi və siyasi sferada sadiq və əqidəli tərəfdaş olmaqla yanaşı, eyni zamanda, qüdrətli orduya sahib olan dövlət kimi nüfuz qazanıb.
Vurğulanıb ki, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad edilməsi üçün əməliyyatlara başlayıb və işğal altında olan torpaqlarımızın böyük hissəsi 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməklə yanaşı, Ermənistanı məğlub tərəf qismində üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qoyub.
Ermənistanın təsiri altında ölkəmizin ərazisində erməni separatçılarının qeyri-adekvat hərəkətlər etməsi isə 23 saatlıq bir müddətdə lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə nəticələnib və bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tamamilə təmin olunub.
Baş prokuror artıq yeni reallığın mövcud olmasını vurğulayaraq torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycanın yeni bir mərhələyə qədəm qoyduğunu bildirib. O, eyni zamanda, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı prokurorluq əməkdaşlarının hərbi əməliyyatların aparıldığı ərazilərdə xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərini, bəzi prokurorluq əməkdaşlarının Birinci Qarabağ və 44 günlük Vətən müharibələri zamanı bilavasitə döyüşlərdə iştirakını, həmçinin şəhid əməkdaşların olduğunu, habelə 44 günlük Vətən müharibəsində iştirak etmiş və yüksək savad, bilikləri ilə seçilən gənclərin prokurorluq orqanlarında qulluğa keçirilən müsabiqədə uğur qazanaraq işə qəbul olunmasını və hazırda sıralarında xidmət etmələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə, həmçinin prokurorluğun veteranı Böyükağa Panəliyev, Vətən müharibəsi iştirakçısı, Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru Coşqun Zamanlı da çıxış edərək Zəfər Günü tarixinin vətənpərvərlik ruhunu yaşatdığını və gələcək nəsillərə örnək olduğunu vurğulayıblar.
Sonda isə “Səbrin sonu” adlı sənədli film nümayiş etdirilib.