"Türk Dövlətləri Təşkilatının dövlət başçılarının 11-ci Zirvə görüşü Bişkek şəhərində keçirildi. Burada Azərbaycan Prezidentinə Çingiz Aytmatov adına beynəlxalq mükafat təqdim olundu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
O bildirib ki, bu mükafat dövlət başçılarına verilir: "Mükafat Prezident İlham Əliyevə verildi. Bu, çox təqdirəlayiq hadisə oldu. Azərbaycan Prezidenti təşəkkürünü bildirdi, çıxış etdi.
Noyabrın 6-da Bişkekdə keçirilən Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti bildirdi ki, Naxçıvanda yaradılan Türk Dövlətləri Birliyinin 15-ci ili tamam olur. Çox böyük yol keçilib. Hərbi, siyasi, iqtisadi, diplomatik müstəvidə böyük işlər görülüb. Azərbaycan Prezidenti Türk Dövlətləri Birliyinin başçılarına təşəkkürünü bildirdi. Onlar da Şuşada görüşdə iştirak etdilər və Azərbaycana dəstək olduqlarını bildirdilər. Eyni zamanda Azərbaycan Prezidenti azad olunmuş torpaqlarımızda bizə məktəb, yaradıcılıq evi tikən Qazaxıstan, Qırğızıstan, digər ölkələrin rəhbərlərinə təşəkkürünü bildirdi ki, Azərbaycana dəstək göstərdilər. Eyni zamanda Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının işinin daha yaxşı qurulması üçün əlavə olaraq 2 milyon vəsait ayırdı. Ağsaqqal Şurasının işinə də əlavə 100 min dollar ayırdığını bildirdi".
"Burada əsas məqam ondan ibarətdir ki, cənab Prezident xüsusilə qeyd etdi ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Türk Dövlətləri Birliyinin qoşunları mütəmadi olaraq hərbi təlimlər keçirirlər. Düşünürəm ki, gələcəkdə Türk Dövlətləri Birliyinin ümumi strateji hərbi planları olacaq və müdafiəsi, təhlükəsizliyi birlikdə həyata keçiriləcək. Yeni bir dünyada yeni güc mərkəzinin yaranmasına gətirib çıxaracaq. Hesab edirəm ki, bu görüş çox vacib idi. Çünki İlham Əliyev 2024-cü ilin fevralında Prezident seçildikdən sonra ilk çıxışında bildirdi ki, bizim bir ailəmiz var, o da Türk ailəsidir. Ona görə Türk ailəsinin hərtərəfli inkişafı hərbi, siyasi, mədəni inkişafı üçün hər bir dövlət başçısı bu sahədə ciddi çalışır, xüsusilə də, Azərbaycan Prezidenti bu sahədə çox geniş işlər aparır" - deyə o, əlavə edib.