"Avropa komissiyasının sədrinin COP29-a gəlməməsi Avropanın Qərb dairələrinin, bir çox siyasi strukturlarının Azərbaycana olan münasibətinin, haqsız və ədalətsiz, qərəzli münasibətinin ən böyük göstəricilərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, bu gün Azərbaycan COP29 kimi dünya əhəmiyyətli tədbirə ev sahibliyi etməklə dünyada iqlim dəyişiklikləri probleminə, iqlim problemlərinə çox böyük dəstək verir: "Bu istiqamətdə öz xoşməramlı niyyətini ortaya qoyur. Amma Avropa İttifaqı xoşniyyətli missiyaya doğru və düzgün, ədalətli qiymət verirmi? Təbii ki, yox.
Son dövrlərdə COP29 tədbirinin gözdən salınması, Azərbaycana qarşı ədalətsiz hücumların və qərəzli bəyanatların səsləndirilməsi qəbul edilməzdir. Bu gün dünya ölkələri, bir çox Avropa İttifaqına üzv olan ölkələr iqlim dəyişiklikləri ilə bağlı maliyyə yardımları etmək əvəzinə Ermənistanın silahlandırılması ilə məşğul olurlar. Həmin ölkələr Ermənistana silah-sursat tədarük etməklə bölgəmizdə, Cənubi Qafqazda yeni münaqişə və müharibə ocaqları yaratmağa çalışırlar. Bu da dolayısı ilə işğalçılığın, seperatçılığın və terrorizmin dəstəklənməsi deməkdir".
"Ermənistan bütün dünyada işğalçı ölkə kimi tanınır. Ermənistanın dəstəklənməsi, silahlandırılması konkret olaraq işğalçılığı dəstəkləmək deməkdir. Onsuz da, Avropa İttifaqının Azərbaycanla bağlı daim qərəzli və ədalətsiz, düşmənçilik mövqeyi yeni fakt deyil. Bu, uzun müddət Azərbaycana qarşı həyata keçirilən siyasətin əsas tərkib hissələrindən biridir. Təəssüf doğuran hal da ondan ibarətdir ki, qlobal olan iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək məsələdə Avropa İttifaqı yenə də bu cür riyakar və ikrah doğura biləcək siyasət həyata keçirir" - deyə o, əlavə edib.