İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında - YENİLƏNİB - FOTOLAR

7 Noyabr 2024 12:09 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib. SİA xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Böyükşor-Pirşağı yeni avtomobil yolunun uzunluğu 12,7 kilometrdir. Yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı və Pirşağı qəsəbələrinə qədər uzanır.

Paytaxtda nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq bu yol 1b texniki dərəcəyə uyğun olaraq ən müasir tələblər səviyyəsində inşa edilib və 6 hərəkət zolağından ibarətdir.

Layihəyə əsasən, yolboyu 6 yol ötürücüsü və bir avtomobil keçidi inşa edilib. Bundan başqa, yolboyu 3 yerdə “U” tipli geri dönüş keçidi yaradılıb.

Həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyada səkiləri salınıb.Yeni avtomobil yolunun hər iki istiqaməti üzrə velosiped zolaqları salınıb, yolboyu müasir işıqlandırma sistemi quraşdırılıb. Layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda və yol kənarlarında əlavə abadlıq işləri görülüb. Bundan başqa, müasir tələblər nəzərə alınaraq yolun 3-cü kilometrində elektrik avtomobilləri üçün enerjidoldurma qurğuları quraşdırılıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunub.