Sabah xalqımız Zəfər gününü qeyd edək. 4 il bundan əvvəl Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz yürüşünü Zəfərlə başa çatdırıb. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Parlamentin sədri bildirib ki, Zəfər sayəsində əzəli torpaqlarımızın 30 illik işğalına son qoyulub: “Bu, təkcə bizim üçün deyil, bütün Türk dövlətləri üçün tarixi hadisədir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu gerçəkləşib. Azərbaycan dövlətçiliyinin tarixində yeni dövr başlayıb. Azərbaycan dövlətinə qarşı təhdidlərə son qoymaq üçün 2023-cü ilin sentyabrında həyata keçirilən 1 günlük antiterror əməliyyatları ilə Azərbaycanın suverenliyi bütün ərazilərimizdə təmin edilib”.
Spiker qeyd edib ki, bu gün Azərbaycanın səyləri ilə Ermənistanla sülh gündəliyi addım-addım irəliyə aparılır: “Azərbaycan xalqı və gələcək nəsillərimiz bu şanlı qələbə ilə fəxr edəcək. Daimi sülh və sabitlik üçün Ermənistanla danışıqlar davam etdirilir. Biz həm I Qarabağ, həm də II Qarabağ müharibəsində şəhid olanları unutmuruq, onların xatirəsini daim uca tuturuq. Bu gün biz döyüş meydanında qələbə ilə birlikdə bizi dəmir yumruğa çevrilən əzmimizi də qeyd edirik”.