“Türk Dövlətləri Təşkilatının yaradılmasında və təşkilatlanmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xidmətləri əvəzsizdir. Bu fəaliyyət bu gün də uğurla davam etdirilir.” Bu sözləri SİA-ya veridiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri qeyd edib ki, dövlətimizin rəhbərinin Təşkilatın Dövlət başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfər etməsi bunun aydın ifadəsidir.
“Cənab İlham Əliyev türkdilli xalqların istəklisidir və insanlar rəhbərimizə böyük hörmət və ehtiramla yanaşır, türk xalqlarının gələcək taleyi üçün ona böyük ümidlər bəsləyirlər. Səfər zamanı Prezidentimizin “Çingiz Aytmatov” ordeni ilə təltif olunması bunun əyani nümunəsidir və qırğız xalqının ölkəmizin rəhbərinə sonsuz məhəbbətindən qaynaqlanır.
Azərbaycan Prezidentinin Çingiz Aytmatovun ocağına dəvət olunması və ordenin həmin məkanda təqdim edilməsi rəmzi məna daşıyır və qardaşlığın, dostluğun sarsılmaz olduğunu göstərir. Bu həm də Azərbaycanın böyük yazıçıya göstərdiyi qayğıdan irəli gəlir. Belə ki, cənab İlham Əliyevin bildirdiyi kimi Heydər Əliyev və Çingiz Aytmatov bir-birinə hörmətlə yanaşırdılar. Bu hörmət və ehtiramın nəticəsidir ki, Azərbaycanın ilk “Dostluq” ordeni məhz Çingiz Aytmatova təqdim edilmiş, Bakıda dünya şöhrətli yazıçının abidəsi ucaldılmışdır.
Azərbaycan-Qırğız dövlətlərinin birliyi, əməkdaşlığı, qarşılıqlı sağlam münasibətləri sözsüz ki, ölkələrin inkişafına, xalqların xoşbəxtliyinə, əlbəttə Türk dünyasının möhkəmlənməsinə, milli maraqların və təhlükəsizliyin təmin edilməsinə hesablanıbdır. Qırğız Respublikasına bu dəfəki səfər də bu baxımdan xarakterikdir və əlaqələrimizin genişləndirilməsi baxımından faydalıdır.”, deyə Tahir Rzayev bildirib.