Dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.
Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir.
COP-un təbliğində, düzgün tanıdılmasında medianın rolu əvəzsizdir. SİA "Medianın gözündə COP29 necə olmalıdır?" sualı ilə siyasi şərhçi Aydın Quliyevin, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin fikirlərini öyrənib.
Siyasi şərhçi Aydın Quliyev: "Medianın gözündə, fəaliyyətində COP29 mühüm dövlət əhəmiyyətli, tarixi hadisə kimi nəzərə alınmalıdır. Çünki bu bir milli və dövlət missiyasıdır. Təkcə dövlətimiz yox, həm də cəmiyyətin qarşısında dayanan vəzifə ilə bağlı məsələdir. Onun uğurla keçirilməsində hər kəs maraqlı olmalıdır. Çünki burada dövlətimizin adı, onun nüfuzu, rentinqi və dövlətə qarşı xaricdə müəyyən qüvvələrin böyük ümidlərlə çapa göstərməsinə qarşı mövqe sərgiləməyindən gedir. Buna görə də hər kəs COP29-u təkcə sağlamlıq, sağlam ətraf mühit məsələsi kimi qəbul etmək yox, eyni zamanda bunu Azərbaycanın milli dövlət sınaq anı kimi də qəbul etməlidir. Əsl vətəndaşlıq məsuliyyəti və yetkinliyi bu anlarda özünü göstərməlidir. Media da həm funksional fəaliyyətini bu vəzifələrə uyğun qurmalıdır, həm də media mənsubları qarşıda dayanan bu vəzifəyə vətəndaşlıq borcu kimi yanaşmalıdırlar. Beləliklə, media mənsublarının üzərində COP29-la bağlı iki istiqamətli məsuliyyət var. Birincisi, onların vətəndaşlıq borcu çərçivəsində bu prosesdə aktiv iştirak etmək, ikincisi, media subyekti olaraq funksional fəaliyyət müstəvisində aktivlik nümayiş etdirməkdir. Bu günlərdə COP-un müəyyən qüvvələr tərəfindən qaralanması, onun daha effektiv nəticələr ortaya qoymasına qarşı müəyyən çabaların zərərsizləşdirilməsi və mahiyyətinin ifşa edilməsi medianın qarşısında duran əsas vəzifələrdən biri olmalıdır. Bu gün dövlətin nüfuzunun, onun dünyada reytinqinin müəyyən olunması ciddi vəzifə kimi qarşıda dayanırsa, bu vəzifənin uğurla icrasında media ən təsirli və əhəmiyyətli subyektdir. Ölkənin ərazi bütövlüyünün, suverenliyinin müdafiəsi, təminatı, ordunun, xüsusi xidmət orqanlarının, hüquq mühafizə orqanlarının işidirsə, dövlətimizin dünyada nüfuzunun, adının müdafiəsi isə ilk növbədə bəzi subyektlərin, o cümlədən medianın işidir. Media COP-a ümummilli, ümumdövlət işi kimi baxmalıdır".
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid: "COP29, BMT-nin iqlim dəyişmələri konfransı çox mühüm hadisədir. Azərbaycan bu konfransın keçirilməsinə ciddi hazırlaşıb. Dünyanın müxtəlif ölkələrindən çoxlu qonaqlar gələcək. O cümlədən də fərqli media nümayəndələri Azərbaycanda qonaq olacaqlar. Həmçinin bizim jurnalistlərimiz də artıq qeydiyyatdan keçiblər. COP29-un işində iştirak edəcəklər. Ümumiyyətlə, bir neçə aspektdən medianın qarşısında vacib məsələlər dayanır. Birincisi, konfransın mahiyyətini sadə oxucuya, tamaşaçıya anlatmaq, bunun nə dərəcədə vacib olduğunu iqlim dəyişmələrinin bəşəriyyətin gələcək taleyinə təsirini sadə dillə izah etmək baxımından çox vacibdir. Eyni zamanda şübhəsiz ki, tədbirdə iştirak edən qonaqların, məsul şəxslərin fikirlərini yeri düşdükcə Azərbaycan ictimaiyyətinə çatdırmaq, həmçinin Azərbaycana xoş münasibəti əks etdirən fikirlərin göstərilməsi vacibdir. Həm də media işçiləri arasında ünsiyyətlərin genişlənməsi baxımından da fürsətdir. Buna görə də COP29 mediamız üçün vacib, əhəmiyyətli bir məqamdır. Bu məqamdan layiqincə istifadə etmək, bəhrələnmək lazımdır".