Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə 52,9 milyon ABŞ dolları dəyərində 74543 ton xurma ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xurma ixracı həcm olaraq 16,7 faiz, dəyər olaraq 14,7 faiz artıb.
SİA-nın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Azərbaycanda istehsal olunan xurma əsasən Rusiya, Belarus, Qazaxıstan və digər ölkələrə ixrac edilir.
Azərbaycanda xurma bağlarının salınması dövlət tərəfindən dəstəklənir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınacaq intensiv xurma bağlarının hər hektarına görə fermerlərə 3000 manat əkin subsidiyası veriləcək. Bu dəstək mexanizmi Şəki-Zaqatala, Mərkəzi Aran, Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ iqtisadi rayonlarında ən azı 2 hektar sahədə salınmış, hər hektarda ən azı 650 sertifikatlı xurma tinglərinin əkildiyi bağlara şamil edilir.
2023-cü ilin yekunlarına görə, Azərbaycanda 13200 hektar xurma bağı mövcuddur. Xurma bağlarının 97,3 faizi ənənəvi, 2,7 faizi isə intensiv bağlardır. Ötən il Azərbaycanda xurma üzrə orta məhsuldarlıq 158 sent/hektar olub.