“Avropa komissiyasının sədri Ursula fon der Layenin Azərbaycana qarşı münasibəti birmənalıdır. Qərəz, böhtan üzərində köklənmiş bir münasibətdir”. Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Çingiz Qənizadə sözlərinə belə davam edib: “Çox təəssüf edirəm ki, Avropa komissiyasının rəhbəri bu cür mövqedən çıxış edir. Çünki o haqqın yanında olmağı bacarmadı, həmişə işğalçının yanında olmağa dəstək verdilər, Ermənistanın mövqeyindən çıxış etdilər və Azərbaycanı öz torpaqlarını işğaldan azad edən bir dövlətin haqqın yanında olmaqdansa, işğalçıya daha çox dəstək verməklə maraqlıdırlar. Bu baxımdan da Azərbaycana qarşı müəyyən sanksiyaların verilməsi ilə bağlı sərsəm fikirlər, Azərbaycana qarşı qərəzli qətnamələrin qəbul olunmasında bu xanımın da xüsusi rolu var və biz bunu əvvəllər də bilirdik, görürdük.
Hazırda COP29-a qatılmayacağı ilə bağlı məsələdə söhbət onun qlobal problemlərə, iqlim dəyişikliyi kimi bütün bəşəriyyəti narahat edən bir fəlakətə olan münasibəti deyil, onun Azərbaycana olan münasibətidir və o şəxsi maraqları üstündən bu cür qlobal bir məsələyə olan münasibəti arxa plana çevirməklə bir daha özünü göstərdi ki, o müstəqil deyil və siyasi təsirlər, lobbilərin təsiri altındadır. O, Azərbaycana gəlməməklə, COP-DA iştirak etməməklə mən elə hesab edirəm ki, xanım həm də Avropa ittifaqının imicinə müəyyən bir zərər vurmaqla addım atmış oldu”.
Ayşən Vəli