ACF-dən Sadiq Hacıyevin 24 aylıq cəzalanmasına münasibət

6 Noyabr 2024 16:31 (UTC+04:00)

Azərbaycan Cüdo Federasiyası (ACF) Sadiq Hacıyevin Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən 24 aylıq diskvalifikasiya olunmasına münasibət bildirib. Bu barədə SİA-ya ACF-dən məlumat verilib.

“Azərbaycanın heç bir yaş kateqoriyası üzrə milli komandasında belə bir idmançı yoxdur. Ona görə hansı səbəbdən və nəyə görə 24 aylıq diskvalifikasiya olunduğunu bilmirik. Ona görə həmin şəxsin özü və AMADA ilə əlaqə saxlamağı məsləhət görürük. ACF olaraq biz ancaq milli komandaların hazırkı üzvləri tərəfindən antidopinq qaydalarına əməl olunmasına nəzarət edirik”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, AMADA Azərbaycan cüdoçusu Sadiq Hacıyevi 24 aylıq diskvalifikasiya edib. Cəzaya səbəb kimi idmançı tərəfindən məkan məlumatı pozuntusuna yol verilməsi göstərilib.